HƏMAS: İsrailin Məhbusların Edamı Layihəsi Müharibə Cinayətidir

2 Dəq Oxuma Müddəti

HƏMAS: “Bu addım işğalın faşist mahiyyətini göstərir”

HƏMAS Hərəkatı İsrail “Knesset”inin Milli Təhlükəsizlik Komitəsi tərəfindən fələstinli məhbusların edamını mümkün edən qanun layihəsinin təsdiqinə kəskin etiraz edib.

Hərəkatın bəyanatında bildirilib ki, bu addım “işğal rejiminin faşist və qəddar simasını bir daha ortaya qoyur” və İsrailin “bütün beynəlxalq qanun və humanitar prinsipləri açıq şəkildə tapdaladığını” sübut edir.

HƏMAS Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq insan hüquqları qurumlarını bu qanun layihəsini dərhal dayandırmaq üçün təcili tədbir görməyə çağırıb. Təşkilat həmçinin beynəlxalq istintaq missiyalarının İsrail həbsxanalarına daxil olaraq fələstinli məhbusların vəziyyətini araşdırmasını tələb edib.

“Qanun layihəsi İsrailin açıq müharibə cinayətidir”

Fələstin Məhbusları Müdafiə Mərkəzi də qanun layihəsinin birinci oxunuşda təsdiqlənməsini “İsrailin açıq müharibə cinayəti” adlandırıb.

Mərkəzin bəyanatında qeyd olunub ki, “İsrailin ifrat sağçı və irqçi hökuməti məhbusların qanı, ağrısı və əzabı üzərindən siyasi məqsədlərini həyata keçirməyə çalışır”.

Açıqlamada xəbərdarlıq edilib ki, bu faşist addım bölgədə gərginliyi daha da artıracaq və yeni toqquşmaların başlanmasına səbəb ola bilər. Mərkəz beynəlxalq ictimaiyyəti “hüquqi və mənəvi məsuliyyət daşıyaraq bu siyasətin qarşısını almağa” çağırıb.

Fələstinli məhbuslar arasında şəhid sayı artır

Bu qərar fələstinli məhbuslara qarşı zorakılıqların artdığı bir vaxtda qəbul olunub. Fələstin Məhbuslar Komitəsi və Fələstin Məhbuslar Klubu 63 yaşlı Məhəmməd Hüseyn Məhəmməd Qüvadirənin “Canot” (əvvəlki Nəfha–Ramon) həbsxanasında şəhid olduğunu açıqlayıb.

O, 2024-cü il avqustun 6-da həbs edilmişdi. Bununla da Qəzza zolağına qarşı müharibənin başlanmasından bəri şəhid olan fələstinli məhbusların sayı 81-ə çatıb.

İsrailin sistemli siyasəti davam edir

Qeyd edək ki, 2023-cü ilin martında İsrail “Knesset”i Ben Qvirin təşəbbüsü və Baş nazir Benyamin Netanyahunun dəstəyi ilə oxşar qanun layihəsini ilkin oxunuşda qəbul etmişdi. Həmin layihəyə görə, “etnik və ya ideoloji səbəblərlə israillinin ölümünə səbəb olan fələstinli məhbuslara ölüm hökmü tətbiq edilə bilər”.

Bu cür qanun təşəbbüsləri, müşahidəçilərin fikrincə, İsrailin 2023-cü il 7 oktyabr tarixindən bəri Qəzza və İordan çayının qərb sahilində həyata keçirdiyi soyqırım siyasətinin davamı kimi qiymətləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş