HƏMAS: İsrailin Davam Edən Qətliamları Netanyahunun Yalanlarını İfşa Edir

2 Dəq Oxuma Müddəti

HƏMAS: İsrailin hücumları Netanyahunun iddialarını təkzib edir

Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS İsrail ordusunun Qəzzada həyata keçirdiyi yeni hücumların nəticəsində onlarla mülki şəxsin həlak olduğunu açıqlayıb. Hərəkatın bəyanatında vurğulanıb ki, “işğalçı hökumətin” bu qətliamları İsrail baş naziri Benyamin Netanyahunun “mülki vətəndaşlara qarşı əməliyyatların azaldılması” barədə iddialarını tamamilə təkzib edir.

HƏMAS-ın məlumatına görə, İsrailin bu gün səhər saatlarından bəri Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 70 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Həlak olanlar arasında qadınlar və uşaqlar da var.

“Qəzzada iki ildir davam edən soyqırım”

Bəyanatda qeyd olunub ki, Qəzzada baş verən bu hadisələr artıq iki ildir davam edən sistemli “soyqırım və aclıq müharibəsinin” tərkib hissəsidir. HƏMAS vurğulayıb ki, İsrailin davamlı bombardmanları nəticəsində şəhər infrastrukturu dağılmaq üzrədir, tibbi xidmətlər iflic vəziyyətindədir və minlərlə ailə yaşayışsız qalıb.

Hərəkat beynəlxalq ictimaiyyətə, xüsusilə ərəb və müsəlman ölkələrinə müraciət edərək, “Qəzzada fəlakətin dayandırılması üçün real və təcili addımlar atmağa” çağırıb.

Beynəlxalq ictimaiyyətə çağırış

HƏMAS beynəlxalq hüquqa əsasən, İsrailin müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını xatırladaraq, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumları humanitar müdaxiləyə səsləyib. Hərəkat həmçinin Qəzzada aclığın qarşısının alınması, tibbi yardımların və ərzaq tədarükünün təmin edilməsi üçün humanitar dəhlizlərin açılmasını tələb edib.

HƏMAS dünyanın azadlıqsevər insanlarını da Fələstin xalqı ilə həmrəylik nümayiş etdirməyə, aksiyalar və kampaniyalar vasitəsilə İsrailin cinayətlərini ifşa etməyə çağırıb.

Qəzzadakı itkilər artır

Qəzza Səhiyyə Nazirliyi ötən gün yayımladığı hesabatda bildirilib ki, son 24 saat ərzində zərbələr nəticəsində 66 nəfər həlak olub, 265 nəfər yaralanıb.

Ümumilikdə, 2023-cü ilin 7 oktyabrından bu yana Qəzzada 67 min 74 nəfər həyatını itirib, 169 min 430 nəfər yaralanıb. 2025-ci ilin 18 martından bu günə qədər isə 13 min 486 şəhid və 57 min 389 yaralı qeydə alınıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş