HƏMAS-dan sərt reaksiya: “Hesabat məqsədli şəkildə təhrif olunub”
HƏMAS açıqlama verərək Amnistiya Beynəlxalqının 7 oktyabr 2023-cü ildə “Tufan əl-Əqsa” əməliyyatı zamanı Fələstin müqavimətini “hərbi cinayətlərdə” ittiham edən hesabatını sərt tənqid edib. Hərəkat bildirib ki, hesabat “qərəzli, şübhəli və faktlara zidd iddialarla doludur”, həmçinin bir çox beynəlxalq və hətta bəzi israilli hüquq müdafiə təşkilatlarının sənədləşdirdiyi məlumatlarla uzlaşmır.
Açıqlamada qeyd olunub ki, hesabatda yüzlərlə ev və obyektin müqavimət tərəfindən dağıdıldığı iddia edilsə də, faktiki olaraq onların İsrail ordusunun tank və aviasiya zərbələri ilə məhv edildiyi müxtəlif sübutlarla təsdiqlənib. Habelə bir sıra mülki şəxslərin öldürülməsi iddiasına cavab olaraq HƏMAS bildirib ki, həmin şəxslərin İsrail ordusunun “Hannibal Protokolu” çərçivəsində öldürüldüyü sənədləşdirilib.
“İşğal narrativinin təkrarı”
HƏMAS, hesabatda İsrail hökumətinin dəfələrlə irəli sürdüyü və bir çox beynəlxalq araşdırmalar tərəfindən təkzib edilən “zorlama”, “seksual zorakılıq” və “əsirlərə pis rəftar” kimi ittihamların təkrarlanmasını xüsusi olaraq tənqid edib. Hərəkatın fikrincə, bu iddiaların əsasız olduğu son aylarda bir sıra beynəlxalq müstəqil araşdırmalarda da göstərilib.
HƏMAS bəyan edib ki, Amnistiya Beynəlxalqı bu iddiaları yenidən səsləndirməklə “işğalçı ordunun narrativini olduğu kimi qəbul edir” və bunun beynəlxalq ictimaiyyətdə müqaviməti ləkələməyə xidmət etdiyini vurğulayıb. Hərəkat hesabatın “peşəkar olmayan, qərəzli və siyasi məqsədlərlə hazırlanmış sənəd” olduğunu bildirib.
Təşkilata çağırış: “Hesabatı geri çəkin”
HƏMAS Amnistiya Beynəlxalqını hesabatı geri çəkməyə və “faktları təhrif edən, işğalın təbliğatına xidmət edən yanaşmadan” əl çəkməyə çağırıb. Hərəkat xatırladıb ki, İsrail ədəfə Qəzza zolağına müstəqil araşdırma qruplarının, BMT qurumlarının və beynəlxalq təşkilatların girişini qadağan edib. Bu səbəbdən, yerində araşdırma aparılmadan hazırlanan hesabatların “natamam, qüsurlu və etibarsız” olacağı vurğulanıb.
Açıqlamada qeyd olunub ki, hazırda Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Cinayət Məhkəməsi İsrailin mümkün soyqırımı, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərini araşdırır. Bu fonda Amnistiya Beynəlxalqının hesabatı “işğalın məsuliyyətini ört-basdır etmək cəhdi” kimi qiymətləndirilib.
“Qəzzada araşdırmaların qarşısı qəsdən alınır”
HƏMAS əlavə edib ki, müharibənin ilk günlərindən etibarən İsrail beynəlxalq təşkilatların Qəzzaya girişini qadağan etməklə real vəziyyətin sənədləşdirilməsinə mane olur. Bu isə hadisələrin müstəqil şəkildə araşdırılması imkanlarını minimuma endirir və hər hansı hesabatın obyektivliyini ciddi şəkildə şübhə altına alır.
