Şərqi Yəməndə nəzarət uğrunda mübarizə
Son həftələrdə Birləşmiş Ərəb Əmirliklərinin (BAE) birbaşa dəstəklədiyi Cənub Keçid Şurası Yəmənin şərqində yerləşən, neft ehtiyatları və strateji mövqeyi ilə seçilən Hədraməvt və Məhra vilayətlərində nəzarət sahəsini xeyli genişləndirib. Bu addımlar Səudiyyə Ərəbistanına bağlı Yəmən hökumətinin və Prezident Şurasının sədri Rəşad əl-Əliminin kəskin etirazına səbəb olub.
Yəmən hökuməti Cənub Keçid Şurasının hərəkətlərini dövlət institutlarına qarşı çevriliş kimi qiymətləndirərək BAE ilə imzalanmış birgə müdafiə sazişini ləğv etdiyini elan edib.
Cənub Keçid Şurasından sərt açıqlamalar
BAE-yə bağlı Cənub Keçid Şurasının sözçüsü “Əl-Cəzirə” televiziyasına verdiyi müsahibədə Rəşad əl-Əliminin qərarlarını razılaşmalara və səlahiyyət çərçivəsinə zidd adlandırıb. O bildirib ki, səlahiyyətlər Prezident Şurasına verilib, ayrı-ayrı şəxslərə deyil və əl-Əliminin birgə müdafiə sazişini ləğv etmək hüququ yoxdur.
Sözçü, həmçinin Səudiyyə Ərəbistanının Yəmənin cənubunda BAE-yə aid hərbi obyektlərə hava zərbələri endirməsindən narahatlıq ifadə edərək, özünümüdafiə hüququna istinad edib. Onun sözlərinə görə, BAE-nin rolu bölgədə əsasən təlim və beynəlxalq qüvvələr çərçivəsində məhdud iştirakla kifayətlənir.
Gərginlik niyə artır?
Müşahidəçilərin fikrincə, tərəflər arasında baş verən qarşılıqlı ittihamlar, sərt bəyanatlar və sahədəki hərbi addımlar Səudiyyə Ərəbistanı ilə BAE arasında Yəməndə gizli rəqabətin açıq fazaya keçdiyini göstərir. Bu qarşıdurma təkcə Yəmənin cənubunda nüfuz uğrunda mübarizə ilə deyil, həm də limanlara, təbii sərvətlərə və separatçı meyllərə nəzarət istəyi ilə bağlıdır.
Regional və beynəlxalq vasitəçilik cəhdlərinin nəticə vermədiyi bir vaxtda, Səudiyyə Ərəbistanının Cənub Keçid Şurasını Hadramevt və Məhra vilayətlərindən çıxmağa məcbur etmək cəhdi bölgəni daha da böhranlı vəziyyətə sürükləyib.
Səudiyyə xəbərdarlığı və etiraz aksiyaları
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman şənbə günü Cənub Keçid Şurasını vasitəçilərin çağırışlarına əməl etməyə, qüvvələrini Məhra və Hadramevtdən dinc yolla geri çəkərək Ədən hökumətinə təhvil verməyə çağırıb. Buna cavab olaraq Cənub Keçid Şurası tərəfdarlarını bazar günü Hadramevtin faktiki paytaxtı sayılan Seyun şəhərində geniş yürüş keçirməyə səsləyib.
Şura eyni zamanda “müstəqil Cənubi Yəmən”in elan edilməsini tələb edib və Səudiyyə rəhbərliyindəki koalisiyanın addımlarını rədd etdiyini açıqlayıb. Analitiklər bunu Riyadın tələblərinə açıq meydan oxuma kimi qiymətləndirirlər.
Silahlı toqquşmalar və hava hücumları
Yerli mənbələr bazar günü axşam saatlarında Hadramevtdə Cənub Keçid Şurasına bağlı silahlı dəstələrlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qəbilə qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini bildiriblər. Qarşıdurmalar zamanı Səudiyyə döyüş təyyarələrinin vilayətin müxtəlif əraziləri üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirdiyi qeyd olunub.
Gil bin Yəmin bölgəsinin sakinləri yaşayış məntəqələrinin mühasirəyə alındığını, atışmaların evlərə qədər yayıldığını və qadınlarla uşaqların böyük qorxu yaşadığını bildiriblər. Son məlumatlara görə, Səudiyyə Hərbi Hava Qüvvələri şərqi Hadramevtdə BAE-nin dəstəklədiyi qüvvələrə məxsus hərbi karvana zərbələr endirib.
