Həzrət Zeynəbin (s) vəfatı ilə bağlı əsas rəvayətlər
Məşhur rəvayətə görə, Həzrət Zeynəb (s) hicri 62-ci ilin rəcəb ayının 15-də dünyasını dəyişib. Lakin onun vəfatının təbii şəkildə baş verməsi, yoxsa şəhid edilməsi məsələsi, həmçinin dəfn olunduğu yer barədə müxtəlif fikirlər mövcuddur.
Bəqi qəbiristanlığı ilə bağlı görüş
Bəzi mənbələrdə qeyd olunur ki, Həzrət Zeynəb (s) Kərbəla faciəsindən sonra Mədinəyə qayıdıb. O, Mədinədə fasiləsiz şəkildə yas saxlayıb və göz yaşı töküb. Təxminən bir il yarım sonra elə Mədinədə – Bəqi qəbiristanlığında vəfat edib və orada dəfn olunub. Hazırda isə onun qəbrinin yeri məlum deyil.
Şama köçürülməsi ilə bağlı ehtimal
Digər rəvayətlərə əsasən, Həzrət Zeynəb (s) Mədinədə Yezid hakimiyyətinin zülmlərini ifşa edən çıxışlar edib. Bu səbəbdən Mədinə valisi məsələni Yezidə çatdırıb və Yezid onun Mədinə və Məkkədən kənar bir şəhərə getməsini əmr edib. Bu zaman Həzrət Zeynəb (s) Şama gedib və bir müddət orada yaşadıqdan sonra vəfat edib. Tarixi mənbələrdə bu məzarın çox qədim olduğu, hətta hicri II əsrdə mövcud olduğu bildirilir.
Misir versiyası
Başqa bir rəvayətə görə, Həzrət Zeynəb (s) Bəni-Üməyyə hakimiyyətinə qarşı ifşalarına görə Mədinəni tərk etməyə məcbur olub və Misiri seçib. Orada bir müddət yaşadıqdan sonra dünyasını dəyişib. Qahirədə mövcud olan möhtəşəm ziyarətgahın ona aid olduğu söylənsə də, bəzi tədqiqatçılar bu qəbrin Zeynəb bint Yəhya adlı başqa bir şəxsə məxsus olduğunu bildirirlər.
Şəhadət ehtimalı
“Zeynəbül-Kübra minəl-məhdi iləl-ləhd” adlı kitabda Həzrət Zeynəbin (s) Üməyyə hakimiyyətinin muzdlu adamları tərəfindən gizli şəkildə şəhid edildiyi ehtimalı da irəli sürülür. Bu fikir, onun Kərbəla hadisələrinin canlı şahidi kimi daim zülmü ifşa etməsi ilə əsaslandırılır.
Həzrət Zeynəbin (s) qısa həyat yolu
Həzrət Zeynəb (s)-in doğum tarixi barədə də müxtəlif fikirlər var. Məşhur görüşə görə, o, hicri 5-ci və ya 6-cı ildə Mədinədə dünyaya gəlib. O, Əmirəl-möminin Əli (ə) və Fatiməyi-Zəhra (s)-nın üçüncü övladıdır. Abdullah ibn Cəfərlə ailə qurub və bu evlilikdən üç oğul, bir qız dünyaya gəlib.
Elm və fəzilət nümunəsi
Həzrət Zeynəb (s) yüksək zəkası və elmi ilə tanınıb. İmam Səccad (ə) onu “öyrədilməmiş alim” adlandırıb. Tarixi mənbələrdə İbn Abbasın Fatiməyi-Zəhranın (s) xütbəsini məhz Həzrət Zeynəbin (s) dilindən nəql etməsi onun güclü yaddaşının göstəricisi kimi təqdim olunur.
İmam Hüseynə (ə) bağlılığı
Həzrət Zeynəb (s) uşaqlıqdan İmam Hüseynə (ə) xüsusi bağlılıq göstərib. Evlənərkən də qardaşından ayrılmamaq şərtini irəli sürüb və Kərbəla səfərində onu tək qoymayıb.
Şücaət və qətiyyət simvolu
Kərbəladan sonra Kufə və Şam saraylarında etdiyi cəsarətli çıxışlar, İbn Ziyad və Yezidin qarşısında qorxmadan danışması onun misilsiz şücaətinin nümunəsidir. O, həmçinin İmam Zeynülabidinin (ə) həyatını qorumaq üçün öz canını təhlükəyə atıb.
Dəfn yeri ilə bağlı ixtilaflar
Həzrət Zeynəbin (s) dəfn olunduğu yer barədə Bəqi, Şam yaxınlığındakı Rəviyyə və Misir ehtimalları irəli sürülür. Tarixi mənbələr bu məsələdə yekdil mövqe ortaya qoya bilmir.
