Hələb Toqquşmaları: Mülki Əhali Arasında İtkilər Artıb

3 Dəq Oxuma Müddəti

Hələbdə vəziyyət yenidən kəskinləşib

Suriyaın Hələb şəhərində təhlükəsizlik vəziyyəti ciddi şəkildə pisləşib. Yerli mənbələrin yaydığı məlumata görə, Suriya Demokratik Qüvvələri (SDQ) ilə Dəməşqə bağlı silahlı qüvvələr arasında baş verən toqquşmalar nəticəsində azı 8 mülki şəxs həyatını itirib, 54 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhərin bir sıra yaşayış məhəllələri intensiv atəşə tutulur, tərəflər isə mülki əhalinin hədəfə alınması ilə bağlı bir-birini ittiham edir.

SDQ: atəşkəs cəhdləri nəticəsiz qalıb

SDQ yaydığı açıqlamada döyüş bölgələrində hər hansı sakitləşmənin əldə olunduğu barədə yayılan məlumatları təkzib edib. Bildirilib ki, atəşkəs və ya gərginliyin azaldılması istiqamətində aparılan bütün cəhdlər Dəməşqə bağlı silahlı qruplaşmaların hücumları davam etdirməkdə israrlı olması səbəbindən uğursuzluqla nəticələnib. Açıqlamada qeyd olunub ki, qarşı tərəf yaxın saatlarda genişmiqyaslı hücuma hazırlaşır və bu fonda yaşayış məhəllələri artilleriya atəşinə tutulur, pilotsuz uçuş aparatları isə şəhər üzərində fasiləsiz uçuşlar həyata keçirir.

Dörd ardıcıl hücum və yerli əhalinin müqaviməti

SDQ-nin məlumatına görə, Dəməşqə bağlı qüvvələr tank və zirehli texnika ilə dörd ardıcıl hücum təşkil edib. Bu hücumların daxili təhlükəsizlik qüvvələri və yerli sakinlərin dəstəyi ilə dəf edildiyi bildirilib. Yerli əhali öz evlərini tərk etməyəcəyini, hər hansı məcburi köçürülməyə qəti şəkildə qarşı olduğunu vurğulayıb. Açıqlamada qeyd olunur ki, sakinlər yaşadıqları məhəllələri qorumaqda qərarlıdır və zorakı təzyiqlərə boyun əyməyəcəklər.

“Yeni hərbi reallıqlar” xəbərdarlığı

SDQ bəyan edib ki, dezinformasiya və hərbi eskalasiya yolu ilə yeni reallıqlar yaratmaq cəhdləri nəticəsiz qalmayacaq. Qurum hücumu həyata keçirən tərəfi mümkün ağır nəticələrə görə tam məsuliyyət daşıyacağı barədə xəbərdar edib. Bildirilib ki, mülki əhalinin təhlükəsizliyini təhdid edən bu yanaşma regionda vəziyyəti daha da qeyri-sabit hala gətirə bilər.

Dəməşqin mövqeyi: ittihamlar əsassızdır

Suriya hökuməti isə daha əvvəl verdiyi açıqlamada SDQ-nin Hələbdəki vəziyyətlə bağlı yaydığı məlumatların, xüsusilə Şeyx Məqsud və Əşrəfiyyə məhəllələri ilə bağlı iddiaların reallığı əks etdirmədiyini bildirib. Rəsmi Dəməşq bu bəyanatların 1 aprel 2025-ci il tarixli razılaşmaya zidd olduğunu vurğulayıb. Hökumət açıqlamasında qeyd olunub ki, sözügedən ərazilərdə görülən tədbirlər yalnız təhlükəsizliyin təmin edilməsinə, yaşayış məntəqələrində silahlı fəaliyyətin qarşısının alınmasına yönəlib.

Mülki əhalinin qorunacağına dair vəd

Dəməşq hakimiyyəti bildirib ki, Hələbdə aparılan əməliyyatlar zamanı mülki şəxslərin qorunması əsas prioritetdir. Açıqlamada sakinlərin təhlükəsizliyinə, əmlaklarının toxunulmazlığına tam hörmət ediləcəyi vurğulanıb və şəhərin hər hansı silahlı qrup tərəfindən təzyiq alətinə çevrilməsinə icazə verilməyəcəyi qeyd olunub.

“Açıq müharibə” xəbərdarlığı

SDQ isə son bəyanatında Dəməşqə bağlı silahlı dəstələrin hərəkətlərinin Suriyanı yenidən “açıq müharibə meydanına” çevirə biləcəyi barədə xəbərdarlıq edib. Qurum Hələb şəhərində hər hansı hərbi mövcudluğunun olmadığını bir daha bəyan edib və gərginliyin məsuliyyətinin qarşı tərəfin üzərində olduğunu bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş