Ayətullah Cəfər Sübhanidən həbsdə olan xanımlarla bağlı bəyanat
İranın nüfuzlu ali dini mərcələrindən biri olan Ayətullah Üzma Şeyx Cəfər Sübhani Azərbaycanda həbsdə olan inanclı xanımlar barəsində ictimaiyyətə açıq bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, həmin xanımlar İmam Hüseynin (ə) əzadarlığı münasibətilə məclis təşkil etdiklərinə və Fələstin xalqına dəstək məqsədilə dini mərasim keçirdiklərinə görə saxlanılıblar. Ayətullah Sübhani bildirib ki, hazırda bu xanımlardan bəziləri etiraz olaraq aclıq aksiyasına başlayıb və daxil olan məlumatlara əsasən, onların səhhətində ciddi problemlər yaranmaqdadır. Dini lider bu vəziyyəti ciddi narahatlıq doğuran hal kimi qiymətləndirib.
“Aclıq aksiyasını dərhal dayandırın” çağırışı
Bəyanatda Ayətullah Sübhani birbaşa həbsdə olan xanımlara müraciət edərək aclıq aksiyasını dərhal dayandırmalarını xahiş edib. O vurğulayıb ki, bu xanımların davranışı insani və islami baxımdan vicdanın oyanmasının göstəricisidir, lakin aclıq aksiyası onların sağlamlığına təhlükə yaradır və bu, nə dostları sevindirir, nə də düşmənləri məyus edir.
Ayətullah Sübhani Peyğəmbərin (s) hədisinə istinad edərək bildirib ki, möminlər bir bədən kimidir və bir üzv ağrıdıqda digərləri də bu ağrını hiss edir. Onun sözlərinə görə, bu xanımlar doğru yolu seçiblər və öz haqlı mövqelərini sağlamlıqlarını riskə atmadan da qoruya bilərlər.
Rəsmi qurumlara açıq mesaj
Bəyanatın ən diqqətçəkən hissələrindən biri isə Azərbaycan Respublikasının rəsmi qurumlarına ünvanlanan çağırış olub. Ayətullah Sübhani ölkə rəhbərliyindən və məsul strukturlardan bu xanımlara qarşı vicdani və əxlaqi məsuliyyətlərini yerinə yetirməyi, onların işinə humanist yanaşma sərgiləməyi və tezliklə azadlığa buraxılmalarını istəyib.
Dini lider xüsusilə qeyd edib ki, bu məsələ siyasi xarakter daşımır. Onun sözlərinə görə, həbs edilən xanımların hərəkətləri sırf dini və insani motivlərdən irəli gəlib və müsəlmanların, xüsusilə də Fələstin xalqının yaşadığı əzab-acıya qarşı duyulan ağrının ifadəsidir.
Qurani-Kərimə istinad və dini mövqe
Ayətullah Sübhani bəyanatında Qurani-Kərimdən “Maidə” surəsinin 32-ci ayəsinə istinad edərək bir insanın haqsız yerə öldürülməsinin bütün bəşəriyyətə qarşı cinayət sayıldığını xatırladıb. O, həmçinin “Möminlər qardaşdırlar” ayəsini vurğulayaraq müsəlmanlar arasında həmrəyliyin dini vəzifə olduğunu bildirib.
Bəyanat Qum şəhərində, 26 Azər 1404-cü il tarixində (17 dekabr 2025-ci il) imzalanıb. Müraciət dini ictimaiyyətdə və sosial mediada geniş rezonans doğurub, məsələ ilə bağlı ictimai müzakirələri daha da gücləndirib.
Bəyanatda deyilir:
مَن قَتَلَ نَفۡسَاۢ بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٍ فِی ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًا وَ مَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعًا
“Kim -birini öldürməyən və ya yer üzündə fəsad çıxarmayan- bir insanı öldürərsə, bütün insanları öldürmüş sayılır. Kim də bir insanı dirildərsə (ölümdən qurtarırsa), bütün insanları diriltmiş sayılır.” Maidə Surəsi: Ayə: 32
Buna görə aşağıdakı bildirişi hərkəsin əlindən gəldiyi qədər yayınlaması bütün möminlərə vacibdir. Siyasi və təşkilati maraqlar dini vəzifəmizi yerinə yetirməkdən bizi ayırmamalıdır.
Ayətullah Üzma Şeyx Cəfər Sübhaninin Bildirişi:
بسمالله الرحمن الرحیم
Məlumatım var ki, Azərbaycan Respublikasının dindar və hörmətli xanımlarından bir neçəsi İmam Hüseyn (əleyhis-salam) üçün məclis qurduğu və Fələstin xalqını dəstəkləmək məqsədilə məclis keçirdiyi və bu münasibətlə şirniyyat hazırlayıb paylamağa görə həbs ediliblər və hazırda həbsdədirlər.
İndi bəziləri aclıq aksiyasına başlayıblar və eşidilənlərə görə bəzilərinin vəziyyəti pisləşməkdədir.
Burada bu hörmətli xanımlara bir mesajım var: Onlardan xahiş edirəm ki, bu aclıq aksiyasını dərhal dayandırsınlar.
Xatırladıram ki, siz xanımların insani və islami hərəkətiniz vicdanınızın oyanmasından xəbər verir. Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurub: “Möminlər bir-birinə sevgi, mərhəmət və şəfqətdə tək bir bədən kimidirlər; bədənin bir üzvü ağrıyan zaman digər üzvlər də hərarət və yuxusuzluqla ona şərik olarlar.”
Siz ki, doğru yol və işi seçmisiniz, heç vaxt aclıq aksiyasına əl atıb onun nəticələrini çəkməklə dostları narahat və düşmənləri şad etməməlisiniz.
Azərbaycan Respublikasının hörmətli məsullarından xahiş olunur ki, bu hörmətli xanımlara qarşı vicdani və əxlaqi vəzifələrini yerinə yetirsinlər və onları tezliklə azad etsinlər.
Aydın deyimə ehtiyac yoxdur ki, çoxsaylı müsəlmanların əziyyət çəkməsinə qarşı dərd hissidini motivdəndir, siyasi deyil.
Onların hərəkəti Allahın əmrindəndir: «إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ» (Möminlər qardaşdırlar).
Qum, Cəfər Sübhani
26 Azər 1404.
17 Dekabr 2025-ci il
