“Günəşli” faciəsinin 10 ili: Azərbaycanın dəniz neftçilik tarixində qara gün
Bu gün Azərbaycan neft sənayesinin ən ağır itkilərindən biri kimi yadda qalan “Günəşli” yatağı faciəsinin baş verməsindən 10 il ötür. 2015-ci il 4 dekabrda Dənizdə 10 saylı Dərin Dəniz Özülündə baş vermiş güclü yanğın nəticəsində onlarla insan həlak olmuş, bir çoxu yaralanmış və bir sıra işçi isə itkin düşmüşdü.
Həmin gün baş verən hadisə ölkəni matəmə qərq etmiş, həm dövlət qurumları, həm də xilasedici qüvvələr genişmiqyaslı əməliyyatlara cəlb edilmişdi.
Yanğının başvermə səbəbi və ilk müdaxilə
SOCAR-ın rəsmi açıqlamasına görə, güclü qasırğa nəticəsində sualtı qaz kəmərinin zədələnməsi yanğına səbəb olmuşdu. Dənizdə başlayan alov qısa müddətdə genişlənərək özülü tamamilə əhatə etmiş və fövqəladə vəziyyətin miqyasını daha da artırmışdı.
Qəza qeydə alınan kimi Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürən gəmisi əraziyə göndərilib. Ardınca “Vixr-5”, “Avior”, “Topaz-Dignity”, “Endeavour”, “Protektor” və “Lənkəran” gəmiləri də hadisə yerinə çatdırılıb. Bu gəmilərin heyətləri yanğının lokallaşdırılması və xilasetmə işlərinin həyata keçirilməsində əsas rolu oynadı.
Çətin və riskli təxliyə əməliyyatı
Hadisədən bir gün sonra – 5 dekabrda – ikinci xilasetmə qayığındakı işçilərin təxliyəsi baş tutub. Xilasedicilərin bir qismi AZAL-a məxsus helikopterlə özülə çıxarılaraq əməliyyata cəlb edilib, digərləri isə “Müslüm Maqomayev” gəmisinin heyəti ilə birlikdə qayıqda qalan işçilərin xilasına yönəlib.
Bu əməliyyatlar nəticəsində ümumilikdə 33 nəfər sağ olaraq təxliyə edilib. Təəssüf ki, bir işçinin cəsədi sudan çıxarılıb. Ümumi statistikaya görə, faciədə 63 nəfər zərər çəkmiş, onlardan 16-sı həlak olmuş, 16 nəfər isə itkin düşmüşdü.
Dövlət səviyyəsində reaksiya və matəm
Hadisənin miqyası və insanların həyatına təsiri nəzərə alınaraq, 6 dekabr ölkə üzrə matəm günü elan olunmuşdu. “Günəşli” faciəsi bu gün də Azərbaycan neftçilərinin fədakarlığını, dənizdə çalışmaların risklərini və təhlükəsizlik məsələlərinin əhəmiyyətini xatırladan ən ağrılı hadisələrdən biri kimi qalır.
