Google Və Sosial Şəbəkələrin Qəzzadakı Cinayətlərdə Rolu İfşa Edildi

3 Dəq Oxuma Müddəti

Google və İsrailin gizli reklam müqaviləsi

Beynəlxalq araşdırma nəticəsində məlum olub ki, İsrail rejimi Qəzzadakı soyqırımı və aclığı ört-basdır etmək məqsədilə qlobal texnologiya nəhəngləri ilə gizli reklam müqavilələri imzalayıb. Məlumatlara görə, Tel-Əviv rəhbərliyi Google ilə 45 milyon dollarlıq birbaşa müqavilə bağlayaraq aclığın mövcud olmadığını iddia edən saxta videoların yayımlanmasına nail olub. Bu kampaniya çərçivəsində yayımlanan görüntülərdə guya Qəzzada insanların rahat şəkildə yemək hazırladığı göstərilir və “Qəzzada aclıq yoxdur, deyilənlər yalandır” mesajı verilirdi.

Sosial şəbəkələrdə yalan təbliğat

Google ilə yanaşı digər sosial platformalar – YouTube, X, Meta və ABŞ-da fəaliyyət göstərən bir sıra təsirçi şəxslər də bu təbliğat kampaniyasına cəlb edilib. İsrail X platforması ilə əlavə 3 milyon dollarlıq reklam anlaşması imzalayıb, eyni zamanda Fransada fəaliyyət göstərən reklam şirkətinə də milyonlarla dollar ödəyib.

İsrailin bu fəaliyyətləri rəsmi sənədlərdə “Hasbara” adlandırılır. İvrit dilində bu söz həm təbliğat, həm də ictimaiyyətlə əlaqələri ifadə edir. Məqsəd isə açıq şəkildə Qəzzada baş verən humanitar fəlakəti inkar etməkdir.

BMT qurumlarını hədəfə alan kampaniyalar

Araşdırmada o da göstərilir ki, İsrail Google vasitəsilə BMT-nin Fələstin qaçqınlarına yardım təşkilatı UNRWA-ya qarşı qarayaxma kampaniyası aparıb, onu guya humanitar yardımları qəsdən gecikdirməkdə günahlandırıb. Hətta ABŞ və İsrail tərəfindən təsis olunan “Qəzza Humanitar Fondu” kimi qurumların fəaliyyətini təbliğ etməklə fələstinlilərə qarşı həyata keçirilən qətliamların üzərini örtməyə çalışıb.

Texnologiya şirkətləri və hərbi əməkdaşlıq

Məsələ yalnız reklam kampaniyaları ilə məhdudlaşmır. İsrailin kiber təhlükəsizlik idarəsinin rəhbəri “NimBus” layihəsinin Google və Amazon tərəfindən təmin edilən bulud xidmətləri sayəsində Qəzzaya qarşı hərbi əməliyyatlarda böyük rol oynadığını etiraf edib. ABŞ mediasının araşdırmalarında İsrailin süni intellektdən, o cümlədən hədəfləri seçmək üçün “Habsora” adlı sistemdən istifadə etdiyi təsdiqlənib.

Eyni zamanda İsrail ordusunun 8200-cü kəşfiyyat bölməsi ABŞ şirkəti Palantir ilə sıx əməkdaşlıq edərək süni intellekt əsaslı hədəfləmə texnologiyaları inkişaf etdirib. Bu texnologiyalar vasitəsilə İsrail ordusu gündəlik yüzlərlə mülki obyekt və şəxsi hədəfə almaq imkanına sahib olub.

Beynəlxalq reaksiyalar

BMT-nin xüsusi məruzəçisi Françeska Albanese Google-un İsrailə dəstəyini kəskin tənqid edərək, bu əməkdaşlığın soyqırımı təşviq etdiyini bildirib. Google-un həmtəsisçisi Sergey Brin isə cavabında BMT-ni antisemitizmdə ittiham edib.

Kolumbiya Universitetindən professor Piter Messik isə açıqlamasında bildirib ki, beynəlxalq hüquqa görə yalançı təbliğat kampaniyaları qadağandır və Google kimi şirkətlər İsrailin saxta məlumatlarını yaydıqlarına görə hüquqi məsuliyyət daşımalıdır.

Dünya ictimaiyyəti artıq İsrailin aclığı müharibə silahına çevirdiyini sənədləşdirib və beynəlxalq hüquq mütəxəssisləri bu hərəkətləri soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş