İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Baş Komandanının vəkili general Əhməd Vahidi bildirib ki, 12 Günlük Müharibə indiyədək baş vermiş ən müasir müharibə olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanının vəkili general Əhməd Vahidi bu gün səhər keçirilən Şəhid Çamran Elm Festivalında çıxışı zamanı deyib: “Canlı cəmiyyət, düşüncə və təfəkkürün axdığı cəmiyyətdir. Buna görə də elm insanın üstünlüyünün göstəricisidir.”
General Vahidi çıxışını belə davam etdirib: “İslam cəmiyyəti ağıl və biliklə dolu bir cəmiyyətdir. 12 Günlük Müharibədə qazanılan qələbənin nailiyyətlərindən biri də ölkədə yeni elmi sıçrayış üçün zəruri zəminin formalaşmasıdır. Müharibədən sonra müdafiə sahəsində on minlərlə fikir irəli sürülüb və onların mühüm bir hissəsi tədqiqat mərhələsinə keçib.”
12 Günlük Müharibənin tamamilə texnologiya yönümlü olduğunu vurğulayan İİKK Baş Komandanının vəkili bildirib: “İndiyədək baş vermiş ən müasir müharibədə İslam Respublikası həm texnoloji potensialına, həm də iman gücünə arxalanaraq bu meydanda iştirak edib və bu mübarizədən qələbə ilə çıxıb.”
General Vahidi çıxışını bu sözlərlə tamamlayıb: “Düşmən idrak müharibəsi ilə bizi meydandan silə biləcəyini zənn edirdi. Lakin yanvarın 12-də İran xalqının şərəf sınağından uğurla çıxdığının şahidi olduq. ABŞ-li rəsmilərin açıqlamaları Amerikanın daxili problemlərinin dərinliyini göstərir. Biz onların sözlərindən qorxmuruq.”
