Gediş Haqları Artsa da, İctimai Nəqliyyatda Zərər Dərinləşir

3 Dəq Oxuma Müddəti

Tariflər yüksəldi, maliyyə vəziyyəti yaxşılaşmadı

Azərbaycanda ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət şirkətləri son illərdə gediş haqlarının artırılmasına baxmayaraq, zərərlə işləməyə davam edir. “Bakı Metropoliteni” QSC, “BakuBus” MMC və “Azərbaycan Dəmir Yolları” QSC (ADY) müxtəlif dövrlərdə maliyyə hesabatlarında xərclərin gəlirləri üstələdiyini açıqlayıb. Şirkətlər bu vəziyyəti əsasən tariflərin aşağı olması ilə izah etsələr də, mövcud göstəricilər bu arqumentin yetərli olmadığını göstərir.

Azərbaycanda gediş haqları region ölkələri ilə müqayisədə ucuz hesab edilmir. Üstəlik, nə sosial təbəqələr üçün güzəştli tariflər, nə də aylıq və illik abunə paketləri mövcuddur. Buna baxmayaraq, dövlət nəqliyyat şirkətlərinin maliyyə vəziyyəti ildən-ilə pisləşir.

Sərnişin axını böyükdür, zərər də artmaqdadır

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il ölkədə metrodan 230 milyon, dəmir yolu nəqliyyatından 8,5 milyon, avtobuslardan isə 1,7 milyard sərnişin istifadə edib. Avtobus sərnişinlərinin 81,3 milyonu “BakuBus” MMC-nin payına düşüb.

2023-cü ilin əvvəlindən 2025-ci ilin sonunadək metro və şəhərdaxili avtobuslarda gediş haqqı iki dəfə artırılaraq 30 qəpikdən 60 qəpiyə çatdırılıb. ADY-də də bəzi marşrutlar üzrə tariflər 20–30 faiz yüksəldilib. Lakin bütün bu artımlar nəqliyyat şirkətlərinin zərərlərini azaltmayıb.

Metropoliten və dəmir yollarında kəskin artım

“Bakı Metropoliteni” QSC-nin 2024-cü il üzrə maliyyə hesabatına görə, qurumun yığılmış zərəri 3,1 milyard manata çatıb. Təkcə bir il ərzində metronun zərəri 81,6 faiz artaraq 139,6 milyon manat olub. Sərnişindaşıma gəlirləri 100,6 milyon manat, dövlət subsidiyaları isə 50 milyon manat təşkil edib.

ADY-nin vəziyyəti isə daha dramatikdir. Şirkət 2024-cü ili 1,8 milyard manat xalis zərərlə başa vurub. Bu, 2023-cü illə müqayisədə zərərin 18 dəfə artması deməkdir. Ümumi defisit artıq şirkətin bütün aktivlərini üstələyib. Zərərin əsas səbəbi isə 1,7 milyard manatlıq dəyərsizləşmə zərərinin tanınmasıdır.

“BakuBus” MMC isə son maliyyə hesabatını 2022-ci il üzrə açıqlayıb. Həmin il şirkətin zərəri 16 milyon manat olub. Sonrakı dövrdə tariflər artsa da, bunun real maliyyə təsiri barədə ictimaiyyətə açıq məlumat verilməyib.

İqtisadçılar əsas problemi xərclərdə görür

İqtisadçı Natiq Cəfərli bildirir ki, nəqliyyat və digər dövlət nəzarətində olan xidmət sahələrində yığılan zərər uzun illərdir davam edir və mövcud mexanizmlər artıq işlək deyil. Onun fikrincə, problemin kökü tariflərdə yox, xərclərin şişirdilməsində, qeyri-şəffaf idarəetmədə və satınalma proseslərindədir.

İqtisadçı Toğrul Vəliyev isə maliyyə hesabatlarının gec və natamam açıqlanmasını əsas problemlərdən biri sayır. Onun sözlərinə görə, metropoliten və dəmir yollarında böyük amortizasiya xərcləri kağız üzərində zərəri artırır, lakin bu, real pul axınını tam əks etdirmir.

Çıxış yolu nədir?

Mütəxəssislərin fikrincə, ictimai nəqliyyatın əsas məqsədi mənfəət deyil, insanların hərəkət imkanlarını təmin etməkdir. Buna görə də zərərlərin müəyyən hissəsinin dövlət büdcəsi hesabına qarşılanması qaçılmazdır. Lakin gələcəkdə eyni problemlərin təkrarlanmaması üçün daha şəffaf idarəetmə, effektiv investisiya siyasəti və bəzi sahələrdə özəlləşdirmə modellərinə keçid zəruri hesab olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş