Fransada Makron siyasətlərinə qarşı kütləvi etirazlar
Fransada Prezident Emmanuel Makronun sosial-iqtisadi siyasətlərinə etiraz olaraq keçirilən aksiyalar getdikcə böyüyür. “Hər şeyi dayandıraq” şüarı altında keçirilən nümayişlər ölkə üzrə genişmiqyaslı küçə etirazlarına çevrilib.
Paytaxt Parisdə yüzlərlə nümayişçi Şimal Dəmir Yolu Vağzalının ətrafında toplaşdı. Polis isə biber qazı və dəyənəklə müdaxilə edərək izdihamı dağıtmağa çalışdı. Sosial şəbəkələrdə yayılan görüntülərdə nümayişçilərin “10 sentyabrda tarix yazırıq” yazılı pankartlar qaldırdığı, “Makron istəməsə də, əməkçilərin şərəfi və daha yaxşı bir dünya üçün buradayıq” şüarları səsləndirdiyi görünür.
Etirazçıların mesajı
Etirazlara qoşulan tələbə Alis, Sarı Yeleklilər hərəkatı zamanı çox gənc olduğu üçün aksiyalara qatılmadığını, bu dəfə isə hökumətin sərt iqtisadi siyasətləri və yeni baş nazir Sebastyan Lekornuya etiraz üçün küçəyə çıxdığını bildirib:
“Etiraz etməliyik, razı olmadığımızı göstərməliyik. Bunun çox vacib olduğunu düşünürəm.”
Paris sakini Culi isə hökumətdən bezdiyi üçün aksiyaya qoşulduğunu deyərək, “Artıq nə edəcəyimizi bilmirik. Səsimiz eşidilsin istəyirik. Barışçılıq tərəfdarıyıq, amma hökumət bizi dinləmir” ifadələrini işlədib.
Culi, Makron hökumətini “sağa meyllənən, irqçi və işçi sinfinə qarşı təhqiramiz siyasət yürüdən” bir hökumət kimi xarakterizə edib.
Ölkə üzrə gərginlik artır
Fransanın müxtəlif bölgələrində məktəblərin girişləri bağlanıb, yollar kəsilib. Ən böyük etiraz aksiyalarının isə günortadan sonra iri şəhərlərdə keçirilməsi gözlənilir.
İçişləri naziri Bruno Retayyo açıqlamasında, aksiyalar zamanı indiyədək 200-ə yaxın nümayişçinin saxlanıldığını təsdiqləyib.
Marseldə minlərlə insan “Makron, istefa” şüarı ilə küçələrə çıxıb. Kənd təsərrüfatı işçilərinin birliyi – Confederation Paysanne isə A20 magistral yolunda traktorlarla konvoy təşkil edərək nəqliyyatı iflic edib.
Sosial mediada yayılan görüntülərə görə, Şamberi şəhərində nümayişçilər mərkəzi dairəvi yolda velosiped sürərək avtomobil axınını yavaşladıb.
Polis müdaxilələri
Paris polisi, Helene-Boucher Liseyinin girişini bağlayan nümayişçiləri dağıtmaq üçün biber qazından istifadə edib. Hadisə zamanı etirazçılar polisə qarşı zibil qutuları və müxtəlif əşyalar atıb. Sosial şəbəkələrdə yayılan kadrlar gərginliyin daha da artdığını ortaya qoyur.