Parisdə “Lafarge” məhkəməsi: yeni ifadələr gündəm yaradır
Paris məhkəməsində dünən keçirilən iclasda “Lafarge” işinin iki şahidi — sabiq hərbi kəşfiyyat rəhbəri Kriştov Qomar və şirkətin keçmiş təhlükəsizlik direktoru Klod Fiyar — Fransa kəşfiyyat orqanlarının şirkətin terrorçu qruplara ödəniş etməsindən xəbərsiz olduğunu bildiriblər.
Onların sözlərinə görə, Suriyadakı zavoddan 2013–2014-cü illərdə daxil olan məlumatlar Fransa kəşfiyyatı üçün çox dəyərli olsa da, heç vaxt maliyyə ödənişləri barədə söhbət olmayıb.
Şirkətə qarşı ittihamlar
Hazırda Fransanın “Lafarge” şirkəti və onun səkkiz keçmiş rəhbəri Suriyada münaqişənin gərgin dövründə — 2013 və 2014-cü illərdə — İŞİD və “Cəbhət ən-Nusra” kimi qrupları maliyyələşdirməkdə ittiham olunur. İddialara görə, şirkət öz sement zavodunun fəaliyyətini davam etdirmək üçün ümumilikdə 5 milyon avroya yaxın vəsaiti silahlı qruplara və vasitəçilərə ödəyib.
İttiham tərəfi bildirib ki, şirkət həmin illərdə zavodun təhlükəsizliyini təmin etmək, işçiləri qorumaq və xammal tədarükünü davam etdirmək üçün Daşiş də daxil olmaqla, müxtəlif radikal qrupların nəzarətində olan bölgələrlə əməkdaşlıq edib.
Şahidlərin ifadələri
Kriştov Qomar məhkəmədə deyib ki, “2013-cü ilin avqustundan etibarən bizim əsas vəzifəmiz Bəşər Əsəd rejimi barədə məlumat toplamaq idi”. Onun sözlərinə görə, Fransa hökuməti həmin dövrdə Əsədin devrilməsini istəyirdi və bölgədə nə diplomatik, nə də kəşfiyyat strukturları mövcud idi. Bu səbəbdən “Lafarge” ilə əlaqə kəşfiyyat üçün situasiyanı anlamaq baxımından əhəmiyyətli hesab olunub.
Qomar əlavə edib ki, kəşfiyyat qurumları şirkətin verdiyi məlumatlardan terrorla mübarizə çərçivəsində istifadə edib, lakin şirkətin kimlərə və necə ödəniş etdiyinə dair heç bir məlumat əldə etməyiblər.
2017-ci ildən davam edən istintaq
“Lafarge” ilə bağlı araşdırma 2016-cı ildə yayılan jurnalist materialları və iki şikayət əsasında 2017-ci ildə başlanıb. Şikayətlərdən biri Fransanın İqtisadiyyat Nazirliyi tərəfindən — Suriyaya tətbiq edilən maliyyə sanksiyalarının pozulmasına görə, digəri isə qeyri-hökumət təşkilatları və Suriyada işləyən 11 keçmiş əməkdaş tərəfindən verilib.
2015-ci ildə şirkəti satın alan İsveçrənin “Holcim” qrupu bir neçə il sonra daxili təhqiqat başladıb. “Baker McKenzie” və “Darrois” hüquq firmalarının apardığı araşdırma şirkətdə “etik davranış qaydalarının pozulduğunu” təsdiqləyib.
ABŞ və Fransadakı hüquqi proses
2022-ci ilin oktyabrında “Lafarge” ABŞ-da özünü təqsirli bilib və İŞİD ilə “Cəbhət ən-Nusra”ya təxminən 6 milyon dollar ödədiyini etiraf edib. Şirkət bunun müqabilində 778 milyon dollar məbləğində cəriməni qəbul edib.
Fransada isə proses davam edir. Əgər şirkət terrorizmin maliyyələşdirilməsində təqsirli bilinsə, 1 milyard 125 milyon avroya qədər cərimə olunması mümkündür. Bundan əlavə, Suriyaya tətbiq edilən maliyyə qadağasını pozduğu sübuta yetirilərsə, cərimə məbləği daha da yüksələ bilər.
