“Financial Times”: Tramp Netanyahunu Qəzza Planına Necə Məcbur Etdi?

3 Dəq Oxuma Müddəti

“Financial Times”dan sensasion iddia: Tramp Netanyahunu sıxışdırdı

Britaniyanın nüfuzlu “Financial Times” qəzeti ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza müharibəsini dayandırmağa və sülh planını qəbul etməyə məcbur etdiyini yazıb. Qəzetin məlumatına görə, bu plan ABŞ, Qətər və Səudiyyə Ərəbistanı arasında aparılan geniş koordinasiya nəticəsində hazırlanıb.

Mənbənin bildirdiyinə əsasən, Tramp Qəzzada baş verən hücumlar zamanı Qətərdə danışıqlar aparan HƏMAS rəhbərlərinə qarşı İsrailin əməliyyatından ciddi şəkildə qəzəblənib. Bu hadisə onun region siyasətində dönüş yaratmasına səbəb olub.

“Sülh planı”nın mahiyyəti

Qəzetin məlumatına görə, Trampın təklif etdiyi plan Qəzza üçün “etibarlı sülh yolu”nu nəzərdə tutur. Plan Fələstin dövlətinə aparan mərhələli prosesi əhatə edir və İsrailin işğal siyasətinə qarşı kəskin məhdudiyyətlər qoyur.

Sənəddə qeyd olunur ki, məcburi köçürmələr qadağan edilir, Qəzza sakinlərinə sərbəst gediş-gəliş hüququ tanınır, HƏMAS döyüşçülərinə müəyyən şərtlərlə amnistiya tətbiq olunur. Bundan başqa, BMT-nin humanitar yardımlarla bölgəyə geri dönməsi də planın əsas hissəsini təşkil edir.

Bu bəndlər İsrailin radikal sağçı hökumətinin mövqeləri ilə ziddiyyət təşkil edir. Netanyahunun bu planın bəzi hissələrini yumşaltmaq cəhdləri isə uğursuz alınıb.

Trampın təzyiqi və Netanyahunun “təslimi”

“Faynənşl Tayms” yazır ki, Tramp Netanyahunun müqavimətini qırmaq üçün birbaşa və açıq təzyiqlər göstərib. Məlumata görə, Ağ Evdə keçirilən görüş zamanı Tramp İsrail baş nazirini Qətərin Baş naziri qarşısında telefon vasitəsilə üzr istəməyə məcbur edib. Qəzet bu səhnəni “siyasi alçaldılma anı” kimi təsvir edib.

Tramp bu davranışı ilə həm Netanyahunu nəzarət altında saxladığını, həm də özünü bölgənin “sülh xilaskarı” kimi təqdim etdiyini göstərmək istəyib.

ABŞ–İsrail münasibətlərində dönüş

Məqalədə qeyd olunur ki, bu hadisə Vaşinqton və Təl-Əviv arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Trampın “sərt və praqmatik” mövqeyi əvvəlki ABŞ prezidentlərindən fərqli olaraq Netanyahunun siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

İsrailin ABŞ-dakı sabiq səfiri Maykl Orin qəzetə açıqlamasında deyib:

“Tramp üçün bir qayda var – əvvəlcə onun maraqları gəlir. Əgər o ‘yox’ deyirsə, sən sadəcə etmirsən.”

Orin xatırladıb ki, Netanyahu keçmiş prezidentlər Obama və Bayden dövrlərində siyasətini istədiyi kimi yönləndirə bilirdi, lakin Trampla bu mümkün olmadı.

HƏMAS-ın cavabı və müharibənin dayanması

Qəzet yazır ki, HƏMAS Trampın təklif etdiyi planın ən diqqətçəkici hissəsini – 72 saat ərzində bütün əsirlərin azad edilməsini – qəbul etdikdən sonra Netanyahu siyasi təzyiq altında qalıb. Tramp isə dərhal İsrail hökumətinə əməliyyatları “dərhal dayandırmaq” əmri verib.

Daha sonra “Aksios” saytı və İsrail mənbələri təsdiqləyiblər ki, Tramp və Netanyahu arasında keçirilən telefon danışığında ABŞ prezidenti İsrail baş nazirini sərt tonda danlayıb və belə deyib:

“Niyə bu qədər bədbinsən? Mən dedimsə, elə də olacaq.”

Tramp sonradan İsrailin “Kanal 12” televiziyasına verdiyi müsahibədə bu vəziyyəti belə yekunlaşdırıb:

“Netanyahunu inandırmaq çətin olmadı. O, razı qaldı, çünki başqa yolu yox idi.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş