Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazeera” telekanalına verdiyi müsahibədə İrana hücumun yanlış olacağını bildirərək deyib:
“Amerikalı dostlarıma tövsiyəm budur ki, İranla məsələləri bir-bir bağlasınlar.”
“Al Jazeera English” Hakan Fidanla müsahibəni anons edərkən bildirib:
“Türkiyənin xarici işlər naziri İrana hücum etməyin doğru addım olmayacağını deyib. Hakan Fidan vurğulayıb ki, Tehran yenidən danışıqlara hazırdır və Vaşinqtona tövsiyəsi İranla problemləri mərhələli şəkildə həll etməkdir.”
Xarici işlər nazirinin “Al Jazeera”nin jurnalisti Rəsul Sərdarla müsahibəsində səsləndirdiyi fikirlər belədir:
“İrana hücum yanlışdır. Müharibəni yenidən başlatmaq yanlışdır. İran nüvə məsələsi ilə bağlı yenidən danışıqlara hazırdır.
Amerikalı dostlara tövsiyəm budur: İranla dosyeləri bir-bir bağlayın. Nüvə dosyesindən başlayın, onu bağlayın, sonra digərinə keçin. Hamısını bir paket halına gətirməyin.
Çünki bütün məsələləri tək bir paket kimi təqdim etsəniz, bu, iranlı dostlarımız üçün həzm edilməsi çətin olar. Bu halda prosesin işləməsi və əvvəldən axıra qədər aparılması da çətinləşər.
Bəzən bu yanaşma onlar üçün alçaldıcı kimi də görünə bilər. Bunu təkcə özlərinə deyil, həm də ölkə rəhbərliyinə izah etmək olduqca çətin olar.
Ona görə də, əgər məsələləri bir qədər daha dözümlü və qəbul edilə bilən hala gətirə bilsək, bunun faydalı olacağını düşünürəm.”
Hakan Fidan, Rəsul Sərdarın
“Bəzi analitiklər ABŞ-nin əsasən güclü mərkəzi dövlətlərlə işlədiyi və qeyri-dövlət aktorlarını kənarda saxlayan yeni bir regional nizamın formalaşdığını iddia edir. Bu mənzərədə İran harada dayanır və ya harada dayanmalıdır?”
sualına isə belə cavab verib:
“İran əslində bu mənzərədə çox uyğun bir yer tuta bilər. Mən mövcud vəziyyətdən deyil, İranın malik olduğu imkan və potensialdan, nə edə biləcəyindən danışıram.
İki ay əvvəl İranda olarkən iranlı dostlarıma olduqca açıq danışdım. Çünki bölgədə etimad yaratmaları lazımdır. Region ölkələri tərəfindən necə qəbul olunduqlarına diqqət yetirməlidirlər.
Çünki onlar bir yerə getmir, biz də bir yerə getmirik. Bu niyə vacibdir? Çünki milli dövlət sistemi daxilində ideologiyalar, rejimlər, məzhəblər və digər fərqlər nə qədər çox olsa da, bölgəmizdə necə əməkdaşlıq edəcəyimizi və birlikdə necə işləyəcəyimizi bilməliyik.”
