Fidan: “HƏMAS-ın silahdan imtinası üçün əvvəlcə mülki idarəetmə qurulmalıdır”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirilən forum çərçivəsində “Reuters” agentliyinə müsahibəsində Qəzzada davam edən böhran və atəşkəs təşəbbüsü ilə bağlı mühüm açıqlamalar verib. Nazir bildirib ki, HƏMAS-ın silahı tam şəkildə təhvil verməsi üçün əvvəlcə legitim və etibarlı mülki Fələstin idarəçiliyinin formalaşdırılması, eləcə də peşəkar şəkildə hazırlanmış polis qüvvəsinin yaradılması zəruridir.
Fidanın sözlərinə görə, HƏMAS sektorun idarəçiliyini təhvil verməyə hazır olduğunu bəyan edib. Lakin bu iki əsas struktur formalaşdırılmadan silahdan imtina gözləntisi “real olmayan və icrası mümkün olmayan” bir tələb olaraq qalır.
Nazir vurğulayıb ki, təklif edilən polis qüvvəsinin tərkibində HƏMAS üzvləri olmayacaq və qurum beynəlxalq dəstək vasitəsilə sabitliği təmin edəcək. O həmçinin qeyd edib ki, Vaşinqton İsrail üzərində təzyiq göstərərək Türkiyənin bu beynəlxalq qüvvədə yer alması səylərini dəstəkləyir.
“Atəşkəs planının irəliləməməsi ağır fiasko olar”
Hakan Fidan beynəlxalq ictimaiyyətin atəşkəs planını növbəti mərhələyə daşıya bilməməsi halında bunun “dünya üçün də, ABŞ üçün də ciddi fiasko” olacağını bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp şəxsən bu prosesə rəhbərlik edir və planın reallaşması üçün fəal rol oynayır.
Suriya ilə bağlı xəbərdarlıqlar
Müsahibənin Suriya mövzusuna aid hissəsində Türkiyənin xarici işlər naziri bölgədə balansın pozulmasına gətirən əsas amilləri sadalayıb. Fidan deyib ki, Suriya Demokratik Qüvvələri ölkənin dövlət institutlarına inteqrasiya olunmaq barədə əvvəlki razılaşmalara sadiqlik göstərmir və bu öhdəlikdən yayınmağa çalışır.
Nazir əlavə edib ki, Ankara Suriya hökumətinə “çek verərək” azlıqlara qarşı təzyiq göstərməsinə göz yummur. Onun fikrincə, Suriyada yaşayan bütün etnik və dini qruplar özlərini təhlükəsizlik və azadlıq içində hiss etməlidir.
“İsrailin siyasəti Suriyada vahidliyin bərpasına mane olur”
Hakan Fidan bölgədəki gərginliyə toxunaraq bildirib ki, İsrailin Suriyada həyata keçirdiyi siyasət bölgənin sabitliyini pozur və ölkədə milli birliyin bərpasına yönəlmiş proseslərə əsas maneə yaradır.
Nazirin sözlərinə görə, bu siyasət həm siyasi dialoqu, həm də təhlükəsizlik mexanizmlərinin formalaşmasını çətinləşdirir və Suriyada davam edən parçalanmanın dərinləşməsinə gətirib çıxarır.
