Rəsmi Ramallah: Qüds, Qərb sahili və Qəzza vahid fələstin torpaqlarıdır
Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin işğal etdiyi Qüds, İordan çayının Qərb sahili və Qəzza sektoru bir-birindən ayrılmaz vahid coğrafi məkan təşkil edir və bu ərazilər üzərində İsrailin heç bir suverenliyi yoxdur.
Nazirliyin bəyanatında vurğulanıb ki, İsrail “Knesset”inin bu gün Qərb sahilinə “israil suverenliyi” tətbiq etmək barədə qanun layihəsini ilkin oxunuşda təsdiqləməsi işğalın yeni mərhələsidir və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Fələstin diplomatik qurumu bu cəhdləri “qanunsuz ilhaq siyasətinin davamı və mövcud reallığı dəyişdirmə cəhdi” adlandırıb.
“Suverenlik xalqımıza və onun qanuni rəhbərliyinə məxsusdur”
XİN bəyan edib ki, Fələstin xalqının suverenliyi yalnız öz milli rəhbərliyi – Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən təmsil olunur.
Bu mövqe “fələstin xalqının təbii, tarixi və hüquqi haqqı”na əsaslanır və BMT qətnamələri, beynəlxalq hüquq və insan haqları prinsipləri ilə tam uyğunluqdadır.
Nazirlik əlavə edib ki, İsrailin “suverenlik tətbiqi” adlandırdığı addımlar “əslində işğalı möhkəmləndirmək və yeni reallıq yaratmaq” məqsədi daşıyır.
XİN: Beynəlxalq ictimaiyyət işğalı dayandırmalıdır
Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti, BMT-ni və regional təşkilatları İsrailin bu qanunsuz planlarını rədd etməyə çağırıb.
Nazirlik bildirib ki, dövlətlər işğalın qarşısını almaq üçün hüquqi və siyasi təzyiq mexanizmlərindən istifadə etməlidirlər.
Açıqlamada deyilir:
“İsrailin bu qanunsuz addımlarına səssiz qalmaq, işğalın möhkəmlənməsinə və bölgədə yeni gərginliklərin yaranmasına xidmət edir.”
İsrailin addımı beynəlxalq hüquqa ziddir
Xatırladaq ki, İsrail “Knesset”i bu gün Qərb sahilində “suverenlik tətbiqinə” dair qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.
Layihə İsrailin işğal etdiyi fələstin torpaqlarını öz inzibati sisteminə daxil etməyi nəzərdə tutur ki, bu da BMT Nizamnaməsinə, Cenevrə Konvensiyalarına və Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü il məsləhətçi rəyinə ziddir.