Fələstin – Bask qarşılaşması Qəzza qurbanlarının xatirəsinə
“Football España”nın məlumatına görə, Fələstin milli futbol komandası 15 noyabr tarixində İspaniyanın Bilbao şəhərində Bask seçməsinə qarşı yoldaşlıq oyunu keçirəcək. Görüş “San Mames” stadionunda baş tutacaq və İsrailin Qəzzada törətdiyi hücumların qurbanlarına həsr olunacaq.
Matç Bask Futbol Federasiyası ilə Fələstin Futbol Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. Bu addım İspaniyada Fələstinlə həmrəyliyin artdığı bir dövrə təsadüf edir.
İspan ictimaiyyətinin güclü həmrəyliyi
Son aylarda İspaniyanın müxtəlif şəhərlərində Fələstinə dəstək aksiyaları keçirilib. Xüsusən də “Atletik Bilbao” azarkeşlərinin “Arsenal”la keçirilən Çempionlar Liqası oyununda stadionda açdığı nəhəng Fələstin bayrağı böyük rezonans doğurub. Bannerin üzərində bask dilində “Bu gündən son günə qədər yanınızda olacağıq” sözləri yazılıb.
Fələstin millisinin mesajı
Dünya çempionatına vəsiqə qazanmağa çox yaxınlaşan Fələstin millisi bu oyunu yalnız idman tədbiri deyil, həm də siyasi və mənəvi bir mesaj kimi qiymətləndirir. Komandanın nümayəndələri bildiriblər ki, bu görüş Fələstin xalqının dirənişinin, səbrinin və azadlıq istəyinin dünyaya çatdırılması üçün mühüm fürsətdir.
İspaniyanın rəsmi mövqeyi
İspaniya ötən il Fələstini rəsmi olaraq dövlət kimi tanıyan ilk Avropa ölkələrindən olub. Baş nazir Pedro Sançes dəfələrlə İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarını kəskin tənqid edib. Bundan əlavə, Madrid hökuməti hələ də müzakirə olunan bir addımla – əgər İsrail millisi vəsiqə qazansa, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatından imtina ehtimalını gündəmə gətirib.
Bu oyunun keçirilməsi həm İspaniyada, həm də Avropada Fələstinə dəstəyin davamlı artdığını və idmanın da bu həmrəyliyin mühüm bir platformasına çevrildiyini göstərir.