Ərdoğan: “İsrail iki dövlətli həll ümidini məhv etmək istəyir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT çərçivəsində keçirilən “İki dövlətli həll” konfransında çıxış edərək İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları sərt tənqid edib.
Ərdoğan bəyan edib ki, bir sıra dövlətlərin Fələstin Dövlətini tanıması tarixi və istisnai addımdır:
“Fələstini tanıyan ölkələri ədalət və vicdan səsini ucaltdıqları üçün təbrik edirəm.”
“Qəzzadakı əzab artır”
Türkiyə Prezidenti Qəzzada humanitar vəziyyətin getdikcə pisləşdiyini vurğulayıb:
“Qəzzadakı əzab hər gün artır və vicdan sahibi heç kim bu faciəni qəbul edə bilməz.”
Netanyahuya ağır ittiham: “Soyqırım”
Ərdoğan İsrail hökumətini sərt tənqid edərək, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi kabineti bölgədə soyqırım törətməkdə ittiham edib:
“İsrail iki dövlətli həll ümidini məhv etməyə çalışır. Netanyahu hökuməti qonşularına qarşı soyqırım həyata keçirir.”
Atəşkəs və geri çəkilmə çağırışı
Ərdoğan çıxışında Qəzzada təcili atəşkəsin elan edilməli olduğunu, humanitar yardımın bölgəyə daxil edilməsinin təmin edilməsini və İsrail qüvvələrinin zolaqdan çıxarılmasını tələb edib.