Əraqçidən Trampa Açıq Xəbərdarlıq: İran Ordusu Hazırdır, Hədəf Bəllidir

3 Dəq Oxuma Müddəti

Trampın bəyanatlarına Tehrandan sərt reaksiya

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın son hədələrinə münasibət bildirib. Nazir bu gün “X” platformasında paylaşdığı açıqlamada Trampın İrana yönəlik bəyanatlarını “təhlükəli və məsuliyyətsiz” adlandırıb.

Əraqçi qeyd edib ki, İran xalqı ölkənin daxili işlərinə hər hansı xarici müdaxiləni qəti şəkildə rədd edir. Onun sözlərinə görə, İranın güclü silahlı qüvvələri ölkənin suverenliyinə qarşı istənilən təhdidə cavab verməyə tam hazırdır və “haraya zərbə endirməli olduqlarını dəqiq bilirlər”.

“Silahlı qüvvələrimiz tam hazırlıq vəziyyətindədir”

XİN rəhbəri vurğulayıb ki, Trampın “hərəkətə keçməyə hazır olduğu” barədə açıqlamaları İran üçün yeni deyil və bu cür təhdid dili regionda sabitliyi daha da təhlükə altına alır. Əraqçi bildirib ki, İran ordusu istənilən suverenlik pozuntusuna qətiyyətli cavab vermək gücünə malikdir.

Nazir eyni zamanda Trampın “İranda etirazçıları xilas etmək” bəhanəsi ilə səsləndirdiyi hədələri əsassız adlandıraraq, bunun beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Etirazlar və iğtişaşlar arasında fərq qoyuldu

Abbas Əraqçi açıqlamasında ölkədə baş verən son hadisələrə də toxunub. O bildirib ki, son dövrlərdə milli valyutanın məzənnəsindəki müvəqqəti dəyişikliklərdən zərər çəkən vətəndaşların dinc etiraz keçirmək hüququ tanınır.

Bununla yanaşı, nazir qeyd edib ki, bəzi şəhərlərdə ayrı-ayrı hallarda zorakılıq və iğtişaşlar müşahidə olunub. Onun sözlərinə görə, bu hadisələrə polis bölmələrinə hücumlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarına Molotov kokteyllərinin atılması kimi qanunazidd əməllər daxildir.

Regionlarda etiraz aksiyalarına münasibət

Məlumata görə, İranın Fars və Həmədan vilayətlərində bu gün keçirilən yürüşlərdə bəzi qrupların törətdiyi dağıdıcı hərəkətlər pislənilib. Aksiyalarda iştirak edənlər ölkədə asayişin və milli təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıblar.

Rəsmi Tehrandan ardıcıl mövqe

Qeyd edək ki, Trampın İrana yönəlik bəyanatlarına yalnız Abbas Əraqçi deyil, İranın bir sıra yüksək vəzifəli rəsmiləri də reaksiya verib. Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani, Ali Rəhbərin siyasi müşaviri Əli Şəmxani, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Prezidentin müşaviri Məhəmməd Müxbir və parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi İranın suverenliyinə hər hansı müdaxilənin yolverilməz olduğunu bəyan ediblər.

Rəsmi Tehran Tramp administrasiyasının təzyiq və hədə dilinin nəticə verməyəcəyini, İran xalqının isə milli müstəqilliyini qorumaqda qətiyyətli olduğunu bir daha bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş