Maskatda nüvə danışıqları: tarix və vaxt açıqlanıb
İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə axşamı axşam saatlarında bildirib ki, İran və ABŞ arasında nüvə danışıqları cümə günü, səhər saat 10:00 radələrində Omanın paytaxtı Maskatda keçiriləcək. Nazir bu barədə “X” (keçmiş Twitter) platformasında paylaşım edib.
Əraqçi açıqlamasında danışıqların təşkili üçün bütün lazımi şəraitin yaradılmasına görə Omana təşəkkür edib və vasitəçi roluna görə Maskatın etibarlı tərəfdaş olduğunu vurğulayıb.
ABŞ tərəfinin təsdiqi və “Axios”un geri addımı
Eyni vaxtda Reuters agentliyi amerikalı rəsmi şəxsə istinadən xəbər verib ki, İran–ABŞ nüvə danışıqları cümə günü Omanda keçiriləcək. Bu açıqlama danışıqların baş tutacağına dair şübhələri xeyli azaldıb.
Bununla yanaşı, Axios saytı daha əvvəl yaydığı “danışıqların çökdüyü” iddiasından geri çəkilib. Sayt bildirib ki, İran və ABŞ arasında nüvə danışıqları ilə bağlı planlar yenidən “öz axarına qayıdıb”.
Axios-un məlumatına görə, Yaxın Şərqin azı doqquz ölkəsinin liderləri ABŞ Prezidenti Donald Trumpın administrasiyasına təcili şəkildə müraciət edərək, Vaşinqtonu danışıqlardan imtina etməməyə çağırıblar.
Region ölkələrinin narahatlığı və hərbi ssenari qorxusu
Məlumata əsasən, region ölkələri Trampın hərbi varianta üstünlük verə biləcəyindən ciddi narahatlıq keçirib. Bu səbəbdən bir neçə dövlət yüksək səviyyədə Ağ Evlə təmas quraraq, ABŞ-ı danışıqları ləğv etməməyə və diplomatik xətti davam etdirməyə çağırıb.
Axios yazır ki, məhz bu təzyiqlərdən sonra Vaşinqton Masqat görüşünə razılıq verib. Halbuki ABŞ ilkin mərhələdə danışıqların İstanbulda keçirilməsini istəyir və plan dəyişikliyinə qarşı çıxırdı.
ABŞ-dan yeni şərt: peyk buraxılışı mövzusu
Məsələ ilə bağlı İran Jurnalistlər Birliyinin sədri Maşaallah Şəmsülvaizin açıqlamasında bildirib ki, ABŞ tərəfi danışıqlara yeni şərt əlavə edib. Bu şərtə görə, İranın kosmosa peyk buraxmasından imtina etməsi tələb olunur.
ABŞ bu tələbi ballistik raket texnologiyası ilə əlaqələndirir. Lakin Tehran bunu nüvə faylından kənar mövzu hesab edir və danışıqların çərçivəsinin genişləndirilməsinə qarşı çıxır.
Tehran xəbərdarlıq edir: çərçivə aşılarsa, danışıqlar dayandırılacaq
Şəmsülvaizin qeyd edib ki, İran ABŞ-ın danışıqların əhatə dairəsini genişləndirməsini, xüsusilə “İsrail”i razı salmaq cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, əgər Vaşinqton nüvə faylından kənar mövzuların müzakirəsində israr edərsə, Tehran danışıqlardan çəkiləcək.
Eyni zamanda vurğulanıb ki, İran danışıqların əvvəlki mərhələdə Omanda dayandığı nöqtədən davam etdirilməsini istəyir və ABŞ-ın keçmiş təcrübəni təkrarlaya biləcəyindən ehtiyatlanır.
Dialoq var, amma risklər qalır
Masqatda keçiriləcək nüvə danışıqları İran və ABŞ arasında gərgin münasibətlər fonunda mühüm diplomatik addım kimi qiymətləndirilir. Bununla belə, Vaşinqtonun əlavə şərtlər irəli sürməsi və Tehranla mövqelərin kəskin fərqlənməsi danışıqların taleyini hələ də qeyri-müəyyən saxlayır.
