Əraqçi: İran sülhməramlı nüvə hüququndan geri çəkilməyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran hələ də nüvə enerjisindən sülh məqsədli istifadəyə dair qanuni hüquqlarını qorumaqda qərarlıdır. O, bununla yanaşı, konstruktiv və məqsədyönlü dialoqa hazır olduqlarını vurğulayıb.
İndoneziyanın Jakarta Post qəzetində dərc olunan məqaləsində Əraqçi Avropa troikasının “Snapback” mexanizmini işə salmaq niyyətini kəskin tənqid edib. Onun sözlərinə görə, bu addım beynəlxalq hüquqa ziddir və Avropanın qlobal etibarına zərbə vuracaq.
“İran heç vaxt hüquqlarından güzəştə getməyəcək”
Nazir bildirib ki, İran heç bir halda öz suveren hüquqlarından və təhlükəsizliyindən imtina etməyəcək:
“Əgər Avropa və digər tərəflər düşmən mövqe sərgiləsə və BMT Təhlükəsizlik Şurasının ləğv olunmuş qətnamələrini bərpa etməyə çalışsa, İran həmin diplomatik sazişləri bitmiş hesab edəcək.”
Avropa troikasına xəbərdarlıq
Əraqçi Avropa ölkələrinin addımını “qanunsuz və dağıdıcı” adlandıraraq, bu gedişin Qərbin diplomatik masadan kənarda qalmasına səbəb olacağını bildirib:
“Öhdəliklərini yerinə yetirməyən dövlətlər sazişdən faydalana bilməzlər. Əslində, sazişi pozan tərəf İran deyil, ABŞ olub.”
Onun fikrincə, Avropa ölkələrinin ABŞ sanksiyalarına dəstək verməsi prosesi daha da pozub. “Bu yolda Avropa heç bir qazancla çıxmayacaq, əksinə diplomatik təşəbbüslərdən uzaqlaşdırılacaq,” – deyə Araqçi əlavə edib.
Qlobal təhlükəsizlik üçün risklər
Nazir xəbərdarlıq edib ki, əgər Avropa mövqeyini dəyişməzsə, nəticələr təkcə bölgəyə deyil, beynəlxalq sistemə də zərbə vura bilər. Onun sözlərinə görə, bu addımlar kollektiv təhlükəsizlik mexanizmlərini sarsıdaraq beynəlxalq razılaşmaların nüfuzunu zəiflədəcək.
İsrailin təcavüzü gündəmdə
Əraqçi çıxışında İsrailin son hücumlarına da toxunaraq, bu rejimin Fələstin, Livan, Suriya, Qətər və Yəmənə yönəlmiş hücumlarının beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu deyib.
O, İsrailin “Nil-Fərat arasında böyük İsrail” layihəsinə işarə edərək bunun bütün İslam dünyasının suverenliyinə qarşı ciddi təhlükə yaratdığını qeyd edib.