Şübhəli ölüm və cavabsız suallar
2019-cu ildə Nyu-York həbsxanasında şübhəli şəkildə həyatını itirən amerikalı milyarder Ceffri Epşteynin işi ABŞ tarixinin ən qalmaqallı və müəmmalı dosyelerindən biri hesab olunur. Rəsmi olaraq ölüm səbəbi “intihar” kimi açıqlansa da, onun qurduğu geniş əlaqələr şəbəkəsi bu versiyanın ciddi şübhə altına alınmasına səbəb olub.
ABŞ Ədliyyə Nazirliyinin baş müfəttişinin hesabatına əsasən, Epşteynin ölüm gecəsi kameranın qarşısındakı iki müşahidə kamerası eyni anda sıradan çıxıb. Mütəxəssislər bunu həbsxana təhlükəsizlik protokollarının “izahsız pozuntusu” kimi qiymətləndirib və xarici müdaxilə ehtimalını istisna etməyiblər.
Tibbi rəy və sübutların yoxa çıxması
Epşteyn ailəsi tərəfindən cəlb edilən tanınmış patoloq Maykl Badenin rəyində boyun sümüyündəki zədələrin boğulma ilə daha çox uyğun gəldiyi, asılma nəticəsində intihara xas olmadığı vurğulanıb. Bundan əlavə, ABŞ mediasında yayılan məlumatlara görə, hadisə yeri lazımi qaydada qorunmayıb, bəzi sübutlar istintaqdan əvvəl yoxa çıxıb.
Qalmaqalda adı keçənlər
Dosyedə Qərbin siyasi və iqtisadi elitasına aid çoxsaylı tanınmış adların hallanması işi daha da mürəkkəbləşdirir. ABŞ-ın hazırkı və keçmiş prezidentləri, İsrailin sabiq baş naziri, Səudiyyə Ərəbistanının vəliəhdi, iri texnologiya maqnatları və digər nüfuzlu fiqurların Epşteynlə əlaqələri illər sonra mərhələli şəkildə üzə çıxır.
Epşteynin şəxsi adası “Kiçik Sent-Ceyms”, Nyu-York və Nyu-Meksikodakı dəbdəbəli mülkləri siyasətçilər, milyarderlər, alimlər və kral ailələrinin üzvlərinin qatıldığı qapalı görüşlərə ev sahibliyi edib.
Media niyə yalnız cinsi qalmaqala fokuslanır?
Analitiklər hesab edir ki, Qərb mediasının Epşteyn işində əsas diqqəti yalnız cinsi cinayətlərə yönəltməsi təsadüfi deyil. Digər, daha həssas aspektlərin – xüsusilə onun kəşfiyyat strukturları ilə mümkün əlaqələrinin kölgədə saxlanılması məqsədli ola bilər.
Araşdırmalara görə, yüzlərlə Epşteyn mövzulu xəbər arasında onun Mossad ilə əlaqələrinə ciddi şəkildə toxunan materialların sayı barmaqla sayılacaq qədər azdır və bu iddialar adətən “konspirasiya nəzəriyyəsi” kimi təqdim olunur.
Mossad bağlantısı iddiaları
ABŞ-lı jurnalist və şərhçilərdən bəziləri Epşteynin İsrail kəşfiyyatı ilə əlaqədə olduğunu açıq şəkildə dilə gətirib. Məlumatlara əsasən, Epşteynin yaxın tərəfdaşı Qizleyn Maksvel Mossad və Britaniya kəşfiyyatı ilə əlaqələri olan Robert Maksvelin qızıdır.
Robert Maksvel 1991-ci ildə maliyyə fırıldaqları fonunda şübhəli şəkildə həlak olmuş, dəfni isə İsrail rəhbərliyinin iştirakı ilə keçirilmişdi. Bu faktlar Maksvel ailəsinin İsrail dövləti ilə dərin əlaqələrinə işarə kimi göstərilir.
Hüquq-mühafizə orqanlarının yumşaq davranışı
2008-ci ildə Epşteynə qarşı ağır ittihamlara baxmayaraq, Florida prokurorluğunun ona güzəştli münasibət göstərməsi də diqqət çəkir. Həmin dövrdə prokuror Aleksandr Akosta ilə bağlı yayılan iddialara görə, Epşteynin “kəşfiyyatla əlaqəli şəxs” olduğu və ona toxunulmaması barədə xəbərdarlıq edildiyi bildirilirdi.
Şantaj mexanizmi kimi “seks tələləri”
Məsələni izləyən analitiklərdən biri Erik Bozingin fikrincə, Epşteyn əslində yüksək səviyyəli “seks tələsi” sisteminin idarəçisi olub. İddialara görə, dəbdəbəli tədbirlər zamanı gizli kameralar vasitəsilə nüfuzlu şəxslərin zəif nöqtələri qeydə alınıb və bu materiallar sonradan şantaj aləti kimi istifadə edilib.
Bu üsul tarix boyu müxtəlif kəşfiyyat orqanları tərəfindən tətbiq olunub: məqsəd güclü fiqurları kompromat vasitəsilə nəzarətdə saxlamaqdır.
Tarixi paralellər və “kölgə güc”
Belçikadakı Dutru işi və İtaliyadakı P2 mason lojası kimi nümunələr göstərir ki, elitalar arasında ortaq cinayətlər və gizli ittifaqlar “məcburi sədaqət” sistemi yaradır. Bir nəfərin ifşası bütün şəbəkəni riskə atdığı üçün üzvlər bir-birini qorumağa məcbur qalır.
Müasir dövrdə bu mexanizmlər rəqəmsal texnologiyalar və qlobal müşahidə sistemləri ilə daha da güclənib. Toplanan məlumatlar təkcə təhlükəsizlik üçün deyil, potensial kompromat bazası kimi də istifadə oluna bilər.
Nəticə: bir fiqur getdi, sistem qaldı
Müşahidəçilərin qənaətinə görə, Epşteynin ölümü bütöv bir sistemi dağıtmadı. Əksinə, bu şəbəkə sadəcə əlaqələrini yenidən qurdu. Kəşfiyyat, böyük kapital və texnologiyanın kəsişməsində formalaşan bu “kölgə güc” fərdlərdən asılı deyil və özünü daim bərpa edə bilir.
