Epşteyn Mərakeşdə Saray Almağa Cəhd Edib

2 Dəq Oxuma Müddəti

27,7 milyon dollarlıq köçürmə

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə əsasən, maliyyəçi Cefri Epşteynin həbsindən təxminən 10 gün əvvəl Mərakeşdə dəbdəbəli saray almaq məqsədilə 27,7 milyon dollar vəsait köçürüb.

Sənədlərdə qeyd olunur ki, maliyyə xidməti şirkəti Charles Schwab Corporation Epşteyn adından Mərakeşdə fəaliyyət göstərən daşınmaz əmlak vasitəçisinə iri məbləğdə ödəniş edib. Köçürmələrdən biri 14,95 milyon dollar həcmində olub və həmin vaxt hesabda kifayət qədər vəsait olmadığı bildirilib.

Məlumata görə, əməliyyatlar 2019-cu ilin aprel ayında açılmış və Epşteynlə əlaqəli şirkətlərə məxsus üç hesab vasitəsilə həyata keçirilib. Bu hesablardan biri “Southern Trust” adlı şirkətə aid olub və Mərakeşin Mərakeş şəhərində “Palmeraie” kimi tanınan ərazidə yerləşən lüks mülkün alınması üçün istifadə edilib.

Şübhəli əməliyyat hesabatı

Sənədlərə əsasən, şirkət 13 iyul 2019-cu ildə – Epşteynin həbsindən bir həftə sonra – ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinə Nəzarət Şəbəkəsinə şübhəli əməliyyat barədə hesabat təqdim edib.

Şirkət “Reuters” agentliyinə açıqlamasında bildirib ki, hesabları Epşteynin köməkçilərindən biri açıb. Qısa müddət sonra risk nəzarəti qrupu araşdırmaya başlayıb və 60 gün ərzində hesabların bağlanması üçün tədbirlər görülüb.

ABŞ bank məxfiliyi qanunlarına görə, maliyyə qurumları aşkar edilmiş şübhəli əməliyyatlar barədə 30 gün ərzində məlumat verməlidirlər. Eyni zamanda, gündəlik 10 min dollardan artıq nağd əməliyyatlar barədə də hesabat təqdim olunmalıdır.

2011-ci ildən davam edən cəhd

Mərakeşdəki daşınmaz əmlak vasitəçisi Mark Lion bildirib ki, Epşteyn həmin sarayı hələ 2011-ci ildən almağa çalışırdı. Onun sözlərinə görə, Epşteyn 2008-ci ildə məhkumluq keçirsə də, cəzasını çəkdikdən sonra hüquqi baxımdan mülk almağa maneə yox idi.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin avqustunda federal ittihamlar əsasında həbsdə olduğu müddətdə müəmmalı şəraitdə həyatını itirib. Onun ölümü və fəaliyyəti uzun müddət ABŞ və beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş