“Qəzzaya dəstək mübarizəmiz davam edəcək”
Yəməndə fəaliyyət göstərən “Ənsarullah” hərəkatının siyasi ofisi bəyan edib ki, Qəzzaya qarşı davam edən hücumlar dayanana və mühasirə tamamilə aradan qaldırılana qədər “dəstək əməliyyatları” fasiləsiz şəkildə davam edəcək.
Bəyanatda qeyd olunur ki, bu addımlar Fələstin müqavimət hərəkatlarına mənəvi və hərbi dayaq məqsədi daşıyır və Yəmən xalqının fələstinlilərlə həmrəyliyinin göstəricisidir.
“Sionist-Amerika planına qarşı ayıq olmalıyıq”
“Ənsarullah”ın siyasi ofisi yeni “sionist-Amerika fitnəsi” adlandırdığı planlara qarşı xəbərdarlıq edib. Bəyanatda qeyd olunub ki, Fələstin müqavimət qüvvələri müxtəlif istiqamətlərdən ciddi təzyiqlərlə üzləşsələr də, onların möhkəm iradəsi və birliyi sülh və ədalət mübarizəsini gücləndirir.
Hərəkat bəzi dövlət və təşkilatların ikiüzlü davranışını da tənqid edib:
“Onlar timsah göz yaşları töksələr də, 24 aydır Fələstin xalqına qarşı aparılan soyqırım qarşısında susurlar.”
“Yəmənin mövqeyi dəyişməz qalır”
Bəyanatda vurğulanıb ki, Yəmən xalqı və “Ənsarullah” hərəkatı Qəzzada müqavimət qüvvələrinə dəstək verməyə davam edəcək, məqsəd isə işğalın dayandırılması və mühasirənin tam şəkildə aradan qaldırılmasıdır.
Hərəkat bu mübarizəni yalnız hərbi deyil, həm də mənəvi və siyasi səviyyədə “müqavimətin bir parçası” kimi təqdim edib.
“ABŞ və İsrail müharibə cinayətlərinə ortaqdır”
“Ənsarullah” lideri Əbdülməlik əl-Husi də son çıxışında ABŞ və İsraili Qəzzadakı zorakılıq və vəhşiliyə görə məsuliyyət daşımaqda ittiham edib. O, İsrailin törətdiyi cinayətlərin “dəhşətli və utancverici səviyyəyə çatdığını” bildirib.
Əl-Husinin sözlərinə görə, Vaşinqtonun bu əməliyyatlara birbaşa dəstəyi regionda gərginliyi artırır və sülhün qarşısını alır.