Nazirlikdə kadr dəyişikliyi dalğası
Elm və Təhsil naziri Emin Əmrullayevin vəzifədən azad olunacağı barədə məlumatlar gündəmin əsas mövzularından birinə çevrilib. Hakimiyyətə yaxın mənbələr bildirir ki, nazirin yaxın iki ay ərzində postu ilə vidalaşacağı gözlənilir. Nazirlikdə son aylarda müşahidə olunan ardıcıl istefalar da bu iddiaları gücləndirir.
Oktyabrın 1-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Elə həmin gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da könüllü şəkildə istefa verib.
Eşqi Bağırov icra başçısı ola bilər
Son günlər yayılan məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov məcburi məzuniyyətə göndərilib. Bildirilir ki, Bağırov yaxın vaxtlarda Bakının rayonlarından birinə icra başçısı təyin oluna bilər.
Mənbələr qeyd edir ki, Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Təhsil İnstitutunun direktoru Elnur Əliyev də vəzifələrindən azad ediləcək.
“Budama əməliyyatı” Əmrullayevin ətrafında
Mənbənin sözlərinə görə, bu dəyişikliklər nazirin şəxsi qərarı ilə həyata keçirilmir. Əksinə, Emin Əmrullayev özünə ən yaxın və etibarlı əməkdaşları vəzifədən uzaqlaşdırmağa məcbur edilir. Bu prosesin məqsədi nazirin komandasını zəiflətmək və onu öz postundan uzaqlaşdırmaqdır.
Qaynaq bildirir ki, hazırda “budama əməliyyatı” adlandırılan proses davam edir və sonda növbə birbaşa Əmrullayevin özünə çatacaq. Yeni nazirin kimliyi artıq müəyyənləşdirilib, lakin hələlik açıqlanmır. Ona tövsiyə olunub ki, vəzifə dəyişiklikləri mümkün qədər səssiz şəkildə həyata keçirilsin.
Yeni nazirə hazırlıq mərhələsi
Mənbə iddia edir ki, yeni nazir fəaliyyətə başladıqda dərhal kadr islahatlarına girişmək istəmir. Buna görə də mövcud rəhbərlikdə mərhələli dəyişikliklər edilir.
İlkin ehtimallara görə, ilin sonuna qədər Prezidentin sərəncamı ilə Elm və Təhsil naziri Emin Əmrullayevin vəzifədən azad olunması rəsmən elan ediləcək.
