Elon Mask “Grokipedia” Adlı Yeni Süni İntellekt Ensiklopediyasını Təqdim Etdi

3 Dəq Oxuma Müddəti

“Grokipedia”: Elon Maskdan süni intellektlə idarə olunan ensiklopediya

Texnologiya milyarderi Elon Mask, “Wikipedia”ya alternativ olaraq “Grokipedia” adlı yeni onlayn ensiklopediyanın istifadəyə verildiyini elan edib. O, layihəni “bəşəriyyət üçün mədəniyyət baxımından mühüm addım” və “kainatı anlamaq yolunda zəruri vasitə” kimi qiymətləndirib.

Mask, bir ay əvvəl biznesmen və sabiq Tramp administrasiyası müşaviri Devid Sacksin təşəbbüsü ilə “Wikipedia”ya rəqib platforma üzərində çalışdığını açıqlamışdı. Onun fikrincə, “Wikipedia” kimi mənbələrin “The New York Times” və “NPR” kimi media orqanlarına tez-tez istinad etməsi obyektivlikdən uzaq mövqenin göstəricisidir.

Süni intellektin nəzarətində ensiklopediya

“Wikipedia”da məlumatlar könüllü redaktorlar tərəfindən yaradılıb redaktə olunur. “Grokipedia”da isə məlumatların yoxlanılması “Grok” adlı süni intellekt sistemi vasitəsilə həyata keçirilir. İstifadəçilər məqalələri birbaşa dəyişə bilmir, lakin yanlış məlumat barədə təklif göndərə bilirlər.

Bəzi səhifələrdə məlumatların “Wikipedia”dan uyğunlaşdırıldığı və “Creative Commons Attribution-ShareAlike 4.0” lisenziyası altında paylaşdığı qeyd edilir. Lakin Mask ilin sonuna qədər “Grok”un “Wikipedia” məzmunundan tamamilə imtina edəcəyini bildirib.

Tramp və Mask haqqında səhifələrdə fərqlər

İki platforma arasında məzmun fərqləri diqqət çəkib.
Məsələn, “Grokipedia”da Donald Trampın Qətərdən aldığı şəxsi təyyarə və ya adına çıxarılan kriptovalyuta barədə məlumat yoxdur. “Wikipedia”da isə bu mövzular ayrıca bölmədə yer alır.

Elon Maskın səhifəsində də fərqlər müşahidə olunur. “Wikipedia”da “Maskın yanvar ayında etdiyi iddia olunan nasist salamı” barədə məlumat geniş şəkildə verilsə də, “Grokipedia” bu hissəni tamamilə çıxarıb.

Wikimedia: “Məlumat həmişə insan əməyinin məhsulu olacaq”

Wikimedia Fondu, Maskın təşəbbüsünə ehtiyatla yanaşaraq bəyan edib:

“Wikipedia-nın məlumatı hər zaman insan əmək və əməkdaşlığının məhsulu olacaq. Müxtəlif mənşəli insanlar bir araya gələrək bilik yaradırlar. Hətta süni intellekt şirkətləri belə bu bilik bazasından istifadə edir.”

Fonddan bildirilib ki, “Grokipedia”nın mövcudluğu belə “Wikipedia”nın varlığına əsaslanır və keçmişdə yaradılan alternativ layihələr platformanın missiyasına təsir göstərə bilməyib.

“Grokipedia” 885 min məqalə ilə fəaliyyətə başladı

Hazırda “Wikipedia”da 7,1 milyon ingiliscə məqalə mövcuddur. “Grokipedia” isə ilkin mərhələdə 885 min məqalə ilə istifadəyə verilib. Saytın versiyası “0.1” kimi qeyd olunub ki, bu da gələcək yenilənmələrin gözlənildiyini göstərir.

Mask və “Wikipedia” arasında rəqabət

Yeni layihə, dünyanın ən varlı insanı Elon Maskı internetin ən çox ziyarət edilən platformalarından biri olan “Wikipedia” ilə birbaşa rəqabətə çıxarır. “Wikipedia” 2001-ci ildə Cimmi Ueyls və Lerri Sanger tərəfindən yaradılıb və o vaxtdan bəri reklamdan uzaq, könüllü əməkdaşlıq prinsipi ilə fəaliyyət göstərir.

Lerri Sanger uzun müddətdir “Wikipedia”nın anonim redaktorlar və sol yönümlü siyasət səbəbindən tərəfli hala gəldiyini iddia edir. O, son aylarda bu fikirlərini yenidən səsləndirib və Maskın yaxın dostu Devid Sacks bu çıxışı sosial şəbəkə “X”də paylaşıb.

“Grokipedia” hələlik erkən giriş mərhələsində olsa da, Maskın süni intellektlə bilik istehsalı sahəsində növbəti mərhələ hesab olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş