Sübh namazında dəhşətli hücum
Sudanın Şimal Darfur vilayətinin paytaxtı Əl-Faşir bu gün ağır hücumla sarsılıb. “Sürətli Dəstək Qüvvələri”nə (RSF) məxsus pilotsuz uçuş aparatı şəhərin Abuşuk məhəlləsində yerləşən məscidi hədəf alıb. Hücum sübh namazı zamanı baş verib və ilkin məlumatlara görə, ən azı 75 nəfər həyatını itirib.
Nüfuzlu şəxslər də şəhid oldu
Abuşuk düşərgəsinin Təcili Yardım Mərkəzinin məlumatına görə, hücum zamanı məscid ətrafında sığınacaq tapan qaçqınlar da ağır itkilər verib. Şəhid olanlar arasında tanınmış ictimai xadimlər – Abuşuk düşərgəsinin idarə başçısı, şeyx Adam Abdullah Şərəf, eləcə də Dar Sueni qəbiləsinin rəhbəri Kral Şərif də var.
Şəhərdə dəfn böhranı
Fəaliyyətçilərin verdiyi məlumata görə, şəhərdə şəhidlərin dəfni üçün kifayət qədər kəfən və digər zəruri vasitələr yoxdur. Əl-Faşirdə yaşayanlar hücumu “sükut anının dəhşətə çevrildiyi an” kimi təsvir ediblər.
İttihamlar və beynəlxalq hesabatlar
Müxalifət nümayəndələri və fəallar hücumun BƏƏ tərəfindən təmin edilən pilotsuz təyyarələrlə həyata keçirildiyini iddia edirlər. Xatırladaq ki, Sudan hökuməti bu ilin may ayında Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələri kəsib, səbəb kimi isə RSF qüvvələrinin silahlandırılmasını göstərib.
BMT-nin faktaraşdırıcı missiyası daha əvvəl RSF-nin Əl-Faşirdə müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətdiyini açıqlamışdı. Hesabatda aclığın qəsdən silah kimi istifadəsi, xəstəxanaların dağıdılması və humanitar yardımın qarşısının alınmasının soyqırım xarakteri daşıdığı vurğulanmışdı.
Qəzəb və qınamalar artır
Hadisə Sudanda geniş qəzəb dalğası yaradıb. Yerli əhali günahsız mülki vətəndaşların ibadət zamanı hədəf alınmasını insanlıq əleyhinə cinayət adlandırır və məsul şəxslərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsini tələb edir.