Ramazan hazırlıqlarına məhdudiyyət
Qüds Valiliyi bazar ertəsi yaydığı bəyanatda sionist işğalçı qüvvələrinin Fələstin İslam Vəqflər İdarəsinə Əl-Əqsa məscidində Ramazan ayı ərəfəsində zəruri logistika hazırlıqlarını həyata keçirməyə imkan vermədiyini bildirib.
Açıqlamada qeyd olunub ki, ibadətçilərin qarşılanması üçün nəzərdə tutulan tədbirlərin icrasına qadağa qoyulub. Bu addımın məscidin normal fəaliyyətinə və dini mərasimlərin təşkilinə mənfi təsir göstərdiyi vurğulanıb.
Uzaqlaşdırma və həbslər
Valiliyin məlumatına görə, cari ilin əvvəlindən etibarən sionist rejim tərəfindən Əl-Əqsa kompleksinə girişlə bağlı 250-dən çox uzaqlaşdırma qərarı verilib. Bildirilir ki, bu addımlar mövcud tarixi və hüquqi status-kvoya zidd olaraq birtərəfli reallıq yaratmaq cəhdidir.
Eyni zamanda, İslam Vəqflər İdarəsinin əməkdaşlarına qarşı da təzyiqlərin davam etdiyi qeyd olunub. Məlumata əsasən, təxminən 25 əməkdaş uzaqlaşdırılıb, onlardan dördü isə saxlanılıb. Bu tədbirlərin məqsədinin idarənin məsciddə dini fəaliyyətləri təşkil etmək imkanlarını zəiflətmək olduğu bildirilib.
Logistika tədbirlərinə maneə
Bəyanatda vurğulanıb ki, işğalçı rejim tərəfi tərəfi Ramazan ayı ilə bağlı bütün texniki və təşkilati hazırlıqların həyata keçirilməsinə mane olur. Buraya günəş və yağışdan qorunmaq üçün kölgəliklərin quraşdırılması, müvəqqəti tibbi məntəqələrin yaradılması və digər zəruri logistika tədbirləri daxildir.
Qüds Valiliyi sionist rejimin Qüdsdə və şəhərin islam və xristian müqəddəs məkanlarında həyata keçirdiyi bütün tədbirlərin beynəlxalq hüquqa və müvafiq beynəlxalq qərarlara zidd olduğunu bəyan edib.
Gərginlik fonunda addım
Əl-Əqsa məscidi regionda ən həssas dini məkanlardan biri hesab olunur və burada baş verən hər hansı dəyişiklik ciddi reaksiyalara səbəb olur. Ramazan ayı ərəfəsində tətbiq edilən məhdudiyyətlər isə əlavə narahatlıq doğurur.
Hazırda məsələ ilə bağlı sionist rejim tərəfinin rəsmi mövqeyi açıqlanmayıb.
