Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid, Kunar vilayətində baş verən 6 bal gücündəki zəlzələdə ölənlərin sayının 1411-ə, yaralıların sayının isə 3124-ə çatdığını açıqlayıb.
Mücahid X sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, zəlzələ Asadabad şəhəri ilə yanaşı Nurgal, Suki, Vatapur, Çapa Dara və Peç Dara rayonlarında ciddi dağıntılara səbəb olub. Onun sözlərinə görə, indiyədək 5412 ev tamamilə dağılıb. Dağlıq ərazi səbəbindən xilasetmə işləri çətinliklərlə aparılsa da, aidiyyəti qurumların müdaxilə qrupları əməliyyatları sürətləndirmək üçün bölgəyə göndərilib.
Sözçünün müavini Hamdullah Fitrat da bildirib ki, xilasetmə işləri zərərçəkən bütün bölgələrdə davam edir. Onun sözlərinə görə, helikopterlərin enə bilmədiyi yerlərə hərbi birliklər havadan endirilib, yaralılar dağıntılar altından çıxarılaraq təhlükəsiz ərazilərə daşınıb. Has Kunar rayonunda yardım və koordinasiya üçün düşərgə yaradılıb, yaralıların daşınması, ölənlərin dəfn edilməsi və sağ qalanlara dəstək göstərilməsi üçün iki mərkəz qurulub.
Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin Məlumat və Nəşriyyat rəhbəri Cuma Xan Nayil isə bildirib ki, zəlzələ yalnız Kunar deyil, Nangarhar, Nuristan, Lağman və Pəncşir vilayətlərində də ümumilikdə 8000 evin dağılmasına səbəb olub.