Əfqanıstan hökuməti reaksiyasını açıqladı
Əfqanıstan hökuməti Pakistanın ölkənin cənub-şərq vilayətlərinə endirdiyi hava zərbələrinə sərt reaksiya verib. Hökumət sözçüsü Zəbiullah Mücahid bu gün yaydığı açıqlamada hücumu “birbaşa suverenliyə təcavüz” adlandıraraq, Kabilin “lazımi vaxtda və lazımi şəkildə” cavab verəcəyini bəyan edib. Onun sözlərinə görə, Pakistandan həyata keçirilən hücum nəticəsində 9 uşaq və bir qadın həyatını itirib.
Mücahid “X” platformasında dərc etdiyi mesajda Pakistana məxsus qüvvələrin Baxtika, Xust və Kunar vilayətlərini hədəfə almasının beynəlxalq hüquq və qəbul edilmiş prinsiplərin kobud şəkildə pozulması olduğunu vurğulayıb. O bildirib ki, yanlış kəşfiyyat məlumatlarına əsaslanan hərbi əməliyyatlar regionda gərginliyi daha da artırmaqdan başqa heç bir nəticə vermir.
“Hava məkanının müdafiəsi hüququmuzdur”
Əfqanıstan rəsmisi qeyd edib ki, ölkənin hava məkanını müdafiə etmək hökumətin qanuni və toxunulmaz haqqıdır. Onun sözlərinə görə, qarşı tərəfin təcavüzkar addımları davam edərsə, Əfqanıstan buna susmayacaq və zəruri tədbirlər görəcək.
Hadisə, hər iki ölkə arasında İstanbulda ayın əvvəlində keçirilən və uğursuzluqla nəticələnən sülh danışıqlarından sonra baş verib. Danışıqların pozulmasına baxmayaraq, tərəflər o zaman atəşkəsə sadiq qalacaqlarını elan etmişdilər. Lakin qarşılıqlı hücum olmayacağına dair razılaşma uzun sürmədi.
Sərhəddə davam edən gərginlik
Son aylarda Əfqanıstan–Pakistan sərhəd xəttində vəziyyət xeyli gərginləşib. Ötən ay iki ölkə ordusu arasında baş verən şiddətli atışmalar nəticəsində onlarla hərbçi və mülki şəxs həlak olmuşdu. Bu insident, Talibanın 2021-ci ildə yenidən hakimiyyətə qayıdışından bəri sərhəddə müşahidə olunan ən qanlı toqquşmalardan biri kimi qiymətləndirilir.
Ekspertlər bildirirlər ki, iki ölkə arasında gərginliyin kökləri onilliklər əvvəl formalaşmış sərhəd mübahisələrinə, siyasi çəkişmələrə və təhlükəsizlik narahatlıqlarına dayanır. Pakistan uzun illərdir sərhəd bölgələrində silahlı qrupların fəaliyyət göstərdiyini iddia edir, Əfqanıstan isə bu ittihamları rədd edərək, İslamabaddan öz daxili işlərinə qarışmamağı tələb edir.
Hazırkı hücumun ardından regionda vəziyyətin daha da gərginləşəcəyi ehtimal edilir. Kabul və İslamabadın növbəti addımları isə qarşıdakı günlərdə hər iki ölkənin təhlükəsizlik gündəmini müəyyən edəcək.
