Sionist rejimin Qəzzada “yerli vəkil” strategiyası niyə çökür?
Qəzzada aylardır davam edən hücumlar nəticəsində on minlərlə mülki şəxs həyatını itirib, yaşayış məntəqələri böyük ölçüdə dağıdılıb. Bu mənzərə soyqırımçı İsrail rəhbərliyinə bir reallığı açıq şəkildə göstərdi: sırf hərbi güc Qəzzaya nəzarət üçün kifayət etmir. Məhz bu səbəbdən Təl-Əviv alternativ strategiyaya – HƏMAS-a qarşı yerli və silahlı “vəkil qüvvələr” formalaşdırmaq planına üstünlük verməyə başladı.
Bu strategiyanın ən bariz nümunələrindən biri sionist rejim ordusu ilə əlaqələndirilən “Populyar Qüvvələr” strukturu və onun önə çıxan siması Yasir Əbu Şəbab idi. Lakin Əbu Şəbabın öldürülməsi bu modelin nə qədər kövrək olduğunu qısa zamanda üzə çıxardı. Sionist rejim üçün bu hadisə təkcə bir sahə oyunçusunun itirilməsi deyil, eyni zamanda Qəzzanı daxildən idarə etmə planının növbəti dəfə iflasa uğraması demək idi.
Əbu Şəbabdan sonra boşluq yarandımı?

Əbu Şəbabın aradan götürülməsindən sonra sionist rejimin Qəzzada tamamilə boşluğa düşdüyü düşünülürdü. Lakin sahədən daxil olan yeni məlumatlar bu axtarışın bitmədiyini göstərdi. Əksinə, Təl-Əviv eyni modeli bu dəfə fərqli adlar üzərindən yenidən sınaqdan keçirməyə başladı.
Son günlər sionist rejim mediasında yayımlanan müsahibə bu yeni mərhələnin ən diqqətçəkən göstəricilərindən biri oldu. Xan Yunis bölgəsində fəaliyyət göstərən silahlı qrupun lideri Şəvki Əbu Nasira HƏMAS-la qarşıdurmada olduğunu və İsraillə əlaqə saxladığını açıq şəkildə etiraf etdi.
Onun “İsraillilər bizə silah verir” sözləri Təl-Əvivin Qəzzada yerli vəkil qüvvə axtarışını artıq gizlətməyə ehtiyac duymadığını ortaya qoydu. Bu açıqlamalar Əbu Şəbabdan sonrakı dövrdə də sionist rejimin eyni strategiyanı fərqli fiqurlar vasitəsilə davam etdirməyə çalışdığını təsdiqləyir.
İsrail bu modeldən nə umurdu?
İsrailin Qəzzada “yerli piyada” yaratmaq strategiyası təkcə hərbi deyil, həm də siyasi hədəflərə əsaslanırdı. Təl-Əviv HƏMAS-ı yalnız silah gücü ilə deyil, daxildən zəiflədərək təsirsiz hala salmağı və Qəzzada özünə bağlı bir idarəetmə modeli qurmağı planlaşdırırdı. Bu yanaşmanın həm beynəlxalq təzyiqləri azaltması, həm də birbaşa işğalın siyasi və iqtisadi yükündən qaçmağa imkan verəcəyi düşünülürdü.
Lakin Əbu Şəbabın öldürülməsi və Əbu Nəsira kimi adların ortaya çıxması bu strategiyanın əsas zəif nöqtəsini üzə çıxardı. Qəzzada yaşanan kütləvi dağıntılar, mülki itkilər və kollektiv cəzalandırma siyasəti İsraillə əlaqələndirilən hər bir aktoru cəmiyyət gözündə qeyri-legitim hala gətirir. Nəticədə bu cür strukturlar uzunömürlü balans yaratmaq əvəzinə qısa müddətdə dağılmağa məhkum olur.
Yeni “piyada” axtarışı niyə hər dəfə iflasa uğrayır?
Qəzza cəmiyyəti uzun illərdir davam edən mühasirə, hücumlar və dağıntılar fonunda xarici müdaxilələrə qarşı son dərəcə qapalı və müqavimətli bir struktur formalaşdırıb. Bu şəraitdə sionist rejim ilə əlaqələndirilən yerli təsirlərin yaşama şansı olduqca məhduddur.
Əbu Şəbab nümunəsində olduğu kimi, Əbu Nasiranın da qısa müddətdə taktiki vasitə kimi istifadə olunması mümkün görünsə də, uzunmüddətli perspektivdə Qəzzada qalıcı gücə çevrilməsi real deyil. Bu fakt İsrailin Qəzza siyasətinin təkcə hərbi deyil, siyasi və ictimai baxımdan da dərin çıxmazda olduğunu bir daha nümayiş etdirir.
