Husidən Tehrana dəstək mesajı
Yəməndə fəaliyyət göstərən “Ənsarullah” hərəkatının lideri Əbdülməlik əl-Husi Müctəba Xameneinin İran İslam Respublikasının ali lideri seçilməsi münasibətilə İran xalqını və dövlət qurumlarını təbrik edib.
Onun yaydığı açıqlamada İranın Rəhbərlik Ekspertlər Şurasının bu qərarının ölkə üçün mühüm mərhələ olduğu vurğulanıb.
“İslam sistemini gücləndirən addım”
Əbdülməlik əl-Husi bildirib ki, Müctəba Xameneinin seçilməsi İranın inqilabi sisteminin möhkəmlənməsinə töhfə verəcək. O qeyd edib ki, bu qərar çətin və qeyri-adi şəraitdə qəbul olunmasına baxmayaraq ölkənin siyasi sabitliyini gücləndirir.
Husi həmçinin bu addımın ABŞ və İsrailə qarşı siyasi mesaj olduğunu və İranın mövqeyinin dəyişmədiyini göstərdiyini bildirib.
İran xalqına həmrəylik ifadə edildi
“Ənsarullah” lideri açıqlamasında İran xalqı ilə həmrəy olduqlarını da vurğulayıb. O qeyd edib ki, Yəməndəki hərəkat İranın ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlara qarşı mövqeyini dəstəkləyir.
Əbdülməlik əl-Husi bildirib ki, İranın göstərdiyi müqavimət və qətiyyət son nəticədə qələbəyə gətirib çıxara bilər.
Qələbə mesajı
Husi əlavə edib ki, İranın siyasi sisteminin davamlılığı və rəhbərlik institutunun fəaliyyətini davam etdirməsi regionda mövcud qarşıdurmalar fonunda mühüm əhəmiyyət daşıyır.
O çıxışının sonunda Müctəba Xameneiyə uğurlar arzulayıb və İran xalqı ilə birlikdə İnqilab Keşikçiləri və ordunun fəaliyyətinə dəstək ifadə edib.
Xameneinin seçilməsi
Xatırladaq ki, İranın Rəhbərlik Ekspertlər Şurası martın 8-də Müctəba Xameneini ölkənin İslam İnqilabı və İslam Respublikasının üçüncü ali lideri seçib.
Bu qərarın geniş müzakirələr və konstitusiyanın 108-ci maddəsinə əsaslanan prosedurlar çərçivəsində qəbul edildiyi bildirilib.
