Əl-Husi: Yəmən Qəzza razılaşmasının icrasını yaxından izləyəcək
Yəməndəki Ənsarullah hərəkatının rəhbəri Əbdülməlik əl-Husi Qəzzada son hadisələr və “Əl-Əqsa tufanı” əməliyyatının ikinci ildönümü münasibətilə çıxış edib. O, Yəmən qüvvələrinin Qəzza ilə bağlı əldə olunmuş razılaşmanın həyata keçirilməsi mərhələsində tam hazırlıq və diqqət vəziyyətində qalacağını bəyan edib.
- Əl-Husi: Yəmən Qəzza razılaşmasının icrasını yaxından izləyəcək
- “Qəzza razılaşması İsrailin uğursuzluğunu göstərir”
- Yəmənin əməliyyatları: 1835 hücum, tam uğur
- “Livan cəbhəsi ən böyük fədakarlığı göstərdi”
- “İsrailin cinayətləri – əsrin ən qanlı soyqırımı”
- “Əl-Əqsa tufanı” – 75 illik zülmə cavab
- “Təbii resursların və dəyərlərin satılması xəyanətdir”
Əl-Husinin sözlərinə görə, Yəmən Qəzza xalqına dəstək missiyasını daha da gücləndirəcək:
“Bizim məqsədimiz soyqırımı dayandırmaq, İsrailin atəşkəsə əməl etməsini təmin etməkdir. Bu, dəstək cəbhələrinin əsas məqsədi idi.”
“Qəzza razılaşması İsrailin uğursuzluğunu göstərir”
Əl-Husi qeyd edib ki, Qəzza razılaşması İsrailin və ABŞ-ın bu müharibədən istədikləri nəticələri əldə edə bilmədiyini sübut etdi. O, Amerikanın rolunu “dağıdıcı” adlandıraraq bildirib ki, İsrail nə əsirləri azad etmədən geri qaytara bildi, nə də müqaviməti məhv edə bildi.
Husi həmçinin “bu mərhələdə ən yüksək səviyyədə diqqət və birliyin vacib olduğunu”, razılaşmanın icrasına beynəlxalq təzyiqin artırılmasının zəruri olduğunu vurğulayıb.
Yəmənin əməliyyatları: 1835 hücum, tam uğur
Əbdülməlik əl-Husi bəyan edib ki, Yəmən qüvvələri indiyədək Fələstin müqavimətinə dəstək çərçivəsində 1835 əməliyyat həyata keçirib. Bu əməliyyatlara ballistik, qanadlı və hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatları və döyüş qayıqları daxildir.
O, qeyd edib ki, Qırmızı dəniz, Babul-Məndəb boğazı və Ədən körfəzi istiqamətlərində İsrailə məxsus gəmilərin hərəkətinin qadağan olunması qərarı tarixi xarakter daşıyır və “100 faiz uğurla həyata keçirilib”.
Əl-Husi vurğulayıb ki, Yəmən əməliyyatlarının səsi artıq bütün dünyada eşidilir, bu da həm dini, həm də insani məsuliyyətin təzahürüdür.
“Livan cəbhəsi ən böyük fədakarlığı göstərdi”
Əl-Husi çıxışında Livan cəbhəsini Fələstinə dəstək sahəsində ən böyük fədakarlıq edən qüvvə kimi qiymətləndirib:
“Heç bir tərəf Livan kimi yüksək səviyyədə dəstək göstərməyib. Onlar düşmənlə ən sərt döyüşlərə giriblər.”
O, həmçinin İraq müqavimətinə və İran İslam Respublikasının davamlı dəstəyinə təşəkkürünü ifadə edib.
“İsrailin cinayətləri – əsrin ən qanlı soyqırımı”
Ənsarullah lideri bildirib ki, İsrailin Qəzzaya qarşı iki illik hücumu müasir dövrün ən qanlı və ən dağıdıcı soyqırımıdır. Onun sözlərinə görə, İsrail “11% Qəzza əhalisini öldürüb və yaralayıb”, minlərlə məscidi və məktəbi dağıdıb, qəbiristanlıqları, jurnalistləri və humanitar işçiləri hədəfə alıb.
Əl-Husi bu əməlləri “əsrin cinayəti” adlandırıb və beynəlxalq ictimaiyyəti bu cinayətlərə qarşı səs qaldırmağa çağırıb.
“Əl-Əqsa tufanı” – 75 illik zülmə cavab
Əl-Husi xatırladıb ki, “Əl-Əqsa tufanı” əməliyyatı yeni münaqişə yaratmaq üçün deyil, 75 illik sionist işğalına cavab olaraq həyata keçirilib. O, İsrailin məqsədinin “Fələstin üzərində tam nəzarət qurmaq və sonra bölgənin digər hissələrinə keçmək” olduğunu bildirib.
Əl-Husi xəbərdarlıq edib ki, Fələstin məsələsinin arxa plana keçirilməsi və İsraillə normallaşma siyasəti “bütün ümmət üçün fəlakət” olacaq.
“Təbii resursların və dəyərlərin satılması xəyanətdir”
Əl-Husi bəzi ərəb ölkələrinin İsraillə əlaqələrini normallaşdırmasını sərt şəkildə tənqid edərək bunu “ümumərəb dəyərlərinə xəyanət” adlandırıb. O, qeyd edib ki, İsraillə əməkdaşlıq edən dövlətlər “öz təhlükəsizliklərini də düşmənin əlinə verirlər”.