Dubay aviaşousunda ağır qəza: Hindistan istehsalı olan “Tejas” qırıcısı məhv oldu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən aviasiya sərgisində Hindistan istehsalı olan “Tejas” qırıcı təyyarəsi nümayiş uçuşu zamanı qəzaya uğrayaraq alov içində yerə çırpılıb. Hadisə bu gün, sərginin sonuncu günündə, çoxsaylı tamaşaçıların gözü qarşısında baş verib və təyyarənin pilotu həyatını itirib.
Hindistan Hərbi Hava Qüvvələri dərhal açıqlama verərək qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiyanın yaradıldığını bildirib.
Təyyarə bir neçə dəqiqə uçdu, sonra qəfil düşdü
Hadisə şahidlərindən biri təyyarənin havaya qalxdıqdan sonra cəmi 8–9 dəqiqə uçduğunu, iki-üç dövrə vurduqdan sonra qəfil hündürlüyünü itirərək yerə düşdüyünü deyib. Qəzanın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Bu, “Tejas” qırıcısının yaşadığı ilk qəza deyil. Eyni tip təyyarə 2024-cü ildə Hindistanda keçirilən manevrlərdə də qəzaya uğramışdı.
Dubay sərgisində uçuşlar bir müddət dayandırıldı
Qəza Dubay Aviasiya Sərgisinin son günündə baş verib. Dünyanın ən böyük aviasiya tədbirlərindən sayılan sərgidə uçuş proqramı qəza səbəbilə müvəqqəti olaraq dayandırılsa da, daha sonra yenidən bərpa edilib.
“Tejas”: Hindistanın MiQ-21-ləri əvəz etməsi üçün hazırlanıb
Hindistanın dövlət şirkəti “Hindustan Aeronautics” tərəfindən istehsal olunan “Tejas” qırıcısı ilk dəfə 2001-ci ildə sınaqdan keçirilib. Onun hazırlanmasına dair layihələr isə bundan 20 il əvvəl başlamışdı. Təyyarə Hindistan Hərbi Hava Qüvvələrinin MiQ-21 qırıcılarını əvəz etməsi üçün nəzərdə tutulub.
Hindistan ordusu gələcək illərdə təxminən 220 ədəd “Tejas” və onun təkmilləşdirilmiş MK1A versiyalarını istifadəyə verməyi planlaşdırır. Hazırda “Hindustan Aeronautics” sifarişlərin tamamlanması üzərində işləyir.
