Dövlət mediasına ayrılan milyonlar azalır
Milli Məclisdə Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirələri davam edir. Noyabrın 17-də birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 38 milyard 518 milyon manat nəzərdə tutulub.
- Dövlət mediasına ayrılan milyonlar azalır
- Yeddi ildə mediaya 465 milyon manat
- Qəzet və xəbər saytlarına vəsaitin cəmi 3–5 faizi çatır
- AzTV-nin maliyyəsi son yeddi ilin minimumuna enir
- Yeni media qurumuna 1,75 milyon manat ayrılır
- Media və Yayım Şurasının maliyyəsi də azalır
- “Mir” televiziyasına dövlət dəstəyi tamamilə kəsilir
- Yüz milyonlarla manatın qarşılığında cəmiyyət nə əldə edir?
Büdcə gəlirlərinin əsas mənbəyini Dövlət Neft Fondundan daxil olan 11,9 milyard manatlıq transfert təşkil edir.
2027-ci ilin dövlət büdcəsində diqqət çəkən məqamlardan biri də media sahəsinə ayrılan vəsaitin azaldılmasıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentdə çıxışı zamanı gələn il media sahəsinə 68 milyon 369 min manat ayrılmasının nəzərdə tutulduğunu bildirib və bu məbləğin az olduğunu vurğulayıb.
Deputat Elnarə Akimova da ədəbi nəşrlərə dövlət büdcəsindən ayrılan maliyyənin artırılmasını təklif edib.
Yeddi ildə mediaya 465 milyon manat
Media sahəsinə ayrılan vəsaitin azalması ilə bağlı narazılıqlara baxmayaraq, 2027-ci il üçün nəzərdə tutulan məbləğ əvvəlki illərlə müqayisədə yüksək olaraq qalır.
Qəzet və xəbər saytlarına vəsaitin cəmi 3–5 faizi çatır
“Şərq Media Qrup” MMC-nin direktoru Akif Aşırlının sözlərinə görə, media sahəsinə ayrılan büdcə vəsaitinin yalnız 3–5 faizi qəzetlərə və xəbər saytlarına çatır.
Maliyyənin böyük hissəsi Azərbaycan Televiziyasına, İctimai Televiziyaya, eləcə də media sahəsində yerli və beynəlxalq layihələrin həyata keçirilməsinə yönəldilir.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də mediaya ayrılan vəsaitin azaldılmasına etiraz edib.
AzTV-nin maliyyəsi son yeddi ilin minimumuna enir
“Meydan TV”nin daxili mənbələrdən əldə etdiyini bildirdiyi məlumatlara əsasən, 2027-ci ildə bir sıra media qurumlarının dövlət büdcəsindən aldığı maliyyə azalacaq.
Azərbaycan Televiziyasına 33,13 milyon manat ayrılması nəzərdə tutulur. Bu, qurumun son yeddi ildə dövlət büdcəsindən aldığı ən aşağı maliyyə göstəricisi olacaq.
İctimai Televiziyaya ayrılan vəsaitin də təxminən 2 milyon manat azaldılacağı bildirilir. Bu məbləğ 2023-cü ildən bəri quruma ayrılan ən aşağı büdcə vəsaiti olacaq.
Lakin media qurumları arasında maliyyənin yekun bölgüsü hələlik rəsmi şəkildə açıqlanmayıb.
Yeni media qurumuna 1,75 milyon manat ayrılır
Mövcud media qurumlarının maliyyəsi azaldıldığı halda, “Media Mükəmməllik Şəbəkəsi” adlı təşkilata ilk dəfə dövlət büdcəsindən 1 milyon 750 min manat ayrılması nəzərdə tutulur.
Təşkilatın yaradılma tarixi barədə açıq mənbələrdə məlumatın olmadığı bildirilir.
Qurumun tərkibində Prezident İlham Əliyevin təşəbbüsü ilə D-8 Media Mükəmməllik Mərkəzi yaradılıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun daha əvvəl verdiyi açıqlamaya görə, mərkəzin məqsədi D-8 ölkələrinin media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizənin gücləndirilməsidir.
Yeni təşkilatın fəaliyyətinə ayrılan vəsaitin konkret istiqamətlər üzrə necə xərclənəcəyi isə açıqlanmayıb.
Media və Yayım Şurasının maliyyəsi də azalır
2026-cı ilin avqustunda Medianın İnkişafı Agentliyi ləğv edilərək Audiovizual Şuranın hüquqi varisi kimi yaradılan Media və Yayım Şurasına birləşdirilib.
2027-ci ildə yeni quruma dövlət büdcəsindən 5,2 milyon manat ayrılması nəzərdə tutulur.
Halbuki 2026-cı ildə təkcə Medianın İnkişafı Agentliyinə 6,5 milyon manat ayrılmışdı.
Şuranın media subyektlərinə qrantlar vasitəsilə maliyyə dəstəyi göstərməsi nəzərə alınarsa, büdcənin azaldılması həmin dəstəyin həcminə də təsir göstərə bilər.
“Mir” televiziyasına dövlət dəstəyi tamamilə kəsilir
2027-ci ilin dövlət büdcəsi layihəsində “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə subsidiyanın ayrılması nəzərdə tutulmur.
2026-cı ildə quruma dövlət büdcəsindən 658 min manat vəsait ayrılmışdı.
1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr tərəfindən təsis edilən şirkətin əsas məqsədi üzv dövlətlər arasında əməkdaşlığın işıqlandırılması və vahid informasiya məkanının formalaşdırılması olub.
Yüz milyonlarla manatın qarşılığında cəmiyyət nə əldə edir?
Media sahəsinə dövlət büdcəsindən yüz milyonlarla manat vəsaitin ayrılması həmin maliyyənin səmərəliliyi, şəffaflığı və ictimai faydası ilə bağlı suallar doğurur.
“Meydan TV”nin təhlilində dövlətin maliyyələşdirdiyi media vasitəsilə hökumətin təbliğat apardığı, informasiya məkanına nəzarət etdiyi və tənqidi səsləri məhdudlaşdırdığı bildirilir.
Dövlət maliyyəsinin media qurumları arasında hansı meyarlarla bölüşdürülməsi, redaksiya müstəqilliyinin necə qorunması və büdcə vəsaitinin xərclənməsinə ictimai nəzarətin hansı səviyyədə olması mühüm məsələlər olaraq qalır.
Media sahəsinə ayrılan vəsaitin azaldılması özlüyündə maliyyə şəffaflığının təmin edilməsi demək deyil. Əsas məsələ dövlət büdcəsindən ayrılan milyonların cəmiyyətin obyektiv və müxtəlif mənbələrdən informasiya almaq hüququna nə dərəcədə xidmət etməsidir.
Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi hələ yekun şəkildə təsdiqlənməyib.
