Donald Tramp Junior İrəvana gəlir
ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Junior 12 noyabrda İrəvana səfər edəcək. Səfər rəsmi-diplomatik deyil, əsasən biznes və infrastruktur danışıqları formatında həyata keçiriləcək.
Ermənistan mənbələrinin məlumatına görə, səfərin əsas mövzusu Zəngəzur dəhlizinin yeni mərhələsi kimi təqdim olunan TRIPP (“Trump Route Infrastructure Partnership Project”) olacaq. Layihə dəhlizin Ermənistan ərazisindən keçən Meğri hissəsinin uzunmüddətli idarəçiliyi və infrastrukturun yenidən qurulmasını nəzərdə tutur.
ABŞ-ın dəhliz planı və maliyyə dəstəyi
Xatırladaq ki, sentyabr ayında ABŞ Dövlət Departamentinin rəsmisi Brendon Xanrahan bəyan etmişdi ki, Vaşinqton Zəngəzur dəhlizinin Ermənistan hissəsində yollar, dəmir yolu, enerji və rabitə sistemləri üçün 145 milyon dollar ayırır.
Həmçinin, Meğri zonası üzrə 99 illik icarə və operatorluq modeli üzərində müzakirələr aparılır. “TRIPP” layihəsi yalnız nəqliyyat dəhlizi deyil, həm də çoxşaxəli strateji infrastruktur sistemi kimi nəzərdə tutulur – buraya dəmir yolu, avtomobil magistralı, enerji və qaz kəmərləri, fiber-optik rabitə və logistika mərkəzləri daxildir.
Ekspertlərin hesablamalarına görə, dəhliz tam fəaliyyətə keçdikdən sonra 2027-ci ilədək illik 50–100 milyard dollarlıq ticarət dövriyyəsi yarada və Avropa–Asiya yükdaşımalarını 12–15 gün qısalda bilər. Bu isə Meğri bölgəsinin geosiyasi əhəmiyyətini xeyli artırır.
Tramp ailəsinin biznes maraqları
Donald Tramp Juniorun səfərində iki əsas iqtisadi qurum iştirak edir: Trump Organization və 1789 Capital Venture Fund.
-
Trump Organization əmlak və infrastruktur layihələrinin idarəçiliyi ilə məşğuldur;
-
1789 Capital isə enerji, logistika və rəqəmsal texnologiyalar sahəsində investisiya portfeli formalaşdırır.
Son iki ildə Donald Tramp Juniorun iştirakı ilə fondun aktivləri 150 milyon dollardan 1 milyard dollara qədər artıb. Bu maliyyə bazası “TRIPP” layihəsinə sabit maliyyələşmə imkanı yarada bilər.
Analitiklərə görə, dəhlizin ABŞ kapitalı və Ermənistan yurisdiksiyası əsasında idarə olunması regionda yeni iqtisadi və siyasi reallıq formalaşdıracaq.
Təhlükəsizlik və texnologiya əməkdaşlığı
Səfərin paralel istiqamətlərindən biri də PUA və sərhəd nəzarəti texnologiyaları ilə bağlıdır. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki dayandırmasından sonra, ölkə Qərb hərbi texnologiyalarına meyl edir.
Donald Tramp Juniorun idarə heyətində olduğu Unusual Machines Inc. şirkəti ABŞ ordusu üçün PUA mühərrikləri istehsal edir və sərhəd nəzarəti sistemlərini təmin edir. Bu texnologiyaların Zəngəzur dəhlizinin təhlükəsizliyində tətbiqi, ABŞ-ın regiondakı mövcudluğunu gücləndirəcək.
Yeni geosiyasi düzənin siqnalı
Tramp ailəsinin təşəbbüsü ilə formalaşan bu iqtisadi missiya, eyni zamanda Vaşinqtonun Cənubi Qafqazda artan maraqlarının göstəricisi sayılır.
Siyasi müşahidəçilər bildirirlər ki, Tramp administrasiyası bölgədə özünü “sülh təşəbbüslərinin müəllifi” kimi təqdim edir, Donald Tramp Junior isə bu xətti kapital və infrastruktur gücü ilə tamamlayır.
Səfərin nəticəsi Zəngəzur dəhlizinin idarəçilik modeli, ABŞ-ın regiondakı rolu və Ermənistanın təhlükəsizlik sisteminin transformasiyası baxımından həlledici ola bilər.
