Ərəb-İslam sammiti Dohada başladı
Qətərin paytaxtı Dohada bu gün ərəb və islam ölkələrinin liderlərinin iştirakı ilə fövqəladə sammit keçirilir. Toplantının əsas mövzusu ötən həftə İsrailin HƏMAS rəhbərliyindən bir qrup şəxsi Qətərdə hədəf almasıdır. Bu hadisə beynəlxalq aləmdə, xüsusilə də Fars körfəzi ölkələrində güclü qınaq doğurub.
Birgə mövqe axtarışı
Sammit iştirakçıları İsrailin son hərbi əməliyyatlarına qarşı vahid mövqenin formalaşdırılmasını müzakirə edirlər. Analitiklər hesab edirlər ki, görüş həmçinin Vaşinqton üzərində siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər. Məqsəd İsrailin Qəzza zolağında davam edən hücumlarının qarşısını almaqdır.
Bazar günü keçirilən hazırlıq iclasında xarici işlər nazirləri yekun bəyanat layihəsi üzərində razılığa gəliblər. Bəyanatda qeyd olunur ki, “İsrailin Qətərə qarşı törətdiyi açıq təcavüz sülh imkanlarını məhv edir və münasibətlərin normallaşdırılması perspektivini təhlükə altına qoyur”.
Qətərin vasitəçi rolu sınaqda
Sammit Qətərin beynəlxalq vasitəçi rolunun ciddi sınaqdan keçdiyi dövrə təsadüf edir. İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlar nəticəsiz qalıb, yalnız müvəqqəti iki atəşkəs razılaşdırılıb. Bu fonunda Dohada keçirilən görüşün region üçün strateji əhəmiyyəti daha da artır.
Sanksiya ehtimalları gündəmdə
Liderlərin müzakirəsində müxtəlif cavab variantlarının, o cümlədən İsrailə qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiqi imkanlarının nəzərdən keçirildiyi bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, hərbi əməliyyatların davam etməsi bölgədə hər hansı atəşkəs razılaşmasını mümkünsüz edə bilər.
Sammitdə iştirak edən liderlər
Sammitdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, İran prezidenti Məsud Bəzcəkian, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq baş naziri Məhəmməd Şiya əs-Sudani, Fələstin rəhbəri Mahmud Abbas, Misir prezidenti Əbdülfəttah əs-Sisi, İordaniya kralı II Abdullah, Suriyanın müvəqqəti hökumət rəhbəri Əhməd Şərq (Əl-Culani) də daxil olmaqla bir sıra dövlət başçıları iştirak edirlər.
BMT və ABŞ-dan reaksiyalar
BMT İnsan Haqları Şurası çərşənbə axşamı İsrailin Qətərə hücumu ilə bağlı xüsusi iclas keçirəcək. Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfəri rəsmi Vaşinqtonun Təl-Əvivə dəstəyini nümayiş etdirən addım kimi qiymətləndirilir.
Ekspertlərin gözləntiləri
Siyasi müşahidəçilər hesab edirlər ki, ərəb və islam ölkələrinin ictimaiyyəti artıq sadəcə qınaq bəyanatları ilə kifayətlənmək istəmir. Gözlənti konkret addımların atılması, real mexanizmlərin tətbiqi və Fələstin məsələsinə dəstəyin gücləndirilməsidir.