Moskvanın azərbaycanlı istedadı Ülvi Babayev kimdir?
Rusiya Premyer Liqasının gənc futbolçuları arasında son vaxtlar ən çox müzakirə edilən adlardan biri — Ülvi Laçın oğlu Babayevdir. O, 30 mart 2004-cü ildə Moskva vilayətinin Ximki şəhərində azərbaycanlı ailədə dünyaya gəlib. Futbola doğma şəhərində, “Ximki” klubunun futbol məktəbində başlayıb.
2014-cü ilin yayında Ülvi “Lev Yaşin adına Dinamo Akademiyası”na keçib və o vaxtdan Moskvanın məşhur “Dinamo” klubunun yetirməsi sayılır. Gənc yaşlarından istedadı ilə seçilən Babayev, 2018-ci ildə Rusiya U-15, daha sonra U-16 yığmalarına dəvət alıb. Bu komandalarla ümumilikdə 10 oyun keçirib, bir neçə dəfə də komandanın ən fəal oyunçularından olub.
Gənclər Liqasından əsas komandaya
Ülvi 2021/22 mövsümündə “Dinamo”nun gənclər komandasında çıxış etməyə başlayıb. O, Gənclər Liqasında 23 oyuna 13 qol vurub və 10 qol ötürməsi verib. Ardınca “Dinamo-2”yə – klubun farm-komandasına cəlb olunub və burada da iki mövsüm ərzində 44 oyunda 16 qol, 6 asistlə yadda qalıb.
2024/25 mövsümündə icarə əsasında “Krılya Sovetov”da çıxış edən Ülvi, Rusiya Premyer Liqasında 13 oyunda forma geyinib və bir neçə dəfə start heyətində oynayıb. 2025/26 mövsümündə isə “Dinamo”nun əsas komandasına qaytarılıb.
Hazırda Babayev Moskva təmsilçisinin heyətində 9 oyuna 4 qol vurub – bunlardan biri Premyer Liqada, üçü isə ölkə kubokunda olub.
Het-triklə gələn yüksəliş
Ülvi Babayevin adı son günlər Rusiya futbol mətbuatının manşetlərindədir. O, Rusiya Kubokunda “Krılya Sovetov”a qarşı keçirilən matçda (4:0) 3 qol vuraraq het-trik edib və görüşün qəhrəmanına çevrilib. Bu, onun peşəkar karyerasında ilk het-triki olub.
Gənc futbolçu oyundan sonra “Match TV”yə açıqlamasında Rusiya millisinin baş məşqçisi və “Dinamo”nun rəhbəri Valeri Karpinin təlim-məşq toplanışına çağırılıb-çağırılmaması barədə suala belə cavab verib:
“Bu sualı Valeri Georgiyeviçə vermək lazımdır. Hər şey futbolçunun özündən asılıdır. Çox çalışsan, toplanışa düşəcəksən.”
Karpin isə Babayevin çıxışını qiymətləndirərək ehtiyatlı mövqe sərgiləyib:
“Bu gün Babayev özünü yaxşı tərəfdən göstərdi. Amma onu indi ucaldaq deməzdim. Belə gənclər çox olub, bir il parlayıb sonra itib gediblər. Gözləyək, görək bu istedad necə inkişaf edəcək.”
Azərbaycan millisində oynayacaqmı?
Hələlik Ülvi Babayevin hansı milli komandada oynayacağı məlum deyil. O, uşaqlıqdan Rusiyada yetişsə də, Azərbaycan əsilli olması AFFA-nın da diqqətini cəlb edib. Mütəxəssislər hesab edir ki, gənc futbolçu bu templə davam etsə, yaxın illərdə ya Rusiya, ya da Azərbaycan millisinin heyətində debüt edə bilər.
Hər halda, Ülvi Babayev artıq Moskva “Dinamo”sunun və Rusiya futbolunun yeni ümidverici simalarından biri kimi tanınır. Onun adının gələcəkdə daha böyük arenalarda eşidilməsi gözlənilir.
