Deputatın Oğluna Yeni “Ağdam Milyonları”: Bu Dəfə 32 Milyonluq Layihə Verildi

2 Dəq Oxuma Müddəti

Deputat Ülvi Quliyevin oğluna məxsus şirkətə Ağdamda 32 milyonluq tender verildi

Dövlət satınalmalarının vahid internet portalında yayımlanan məlumata əsasən, 20 ildən artıq millət vəkili olan Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus “Diler İnşaat” QSC Ağdam şəhərində yeni yaşayış massivinin inşası ilə bağlı növbəti tenderin qalibi olub. Layihənin dəyəri 32 milyon manata yaxın göstərilir və şirkət bu məbləğ qarşılığında massivdəki yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işləri və avadanlıqların təminatını həyata keçirəcək.

Eyni şirkət Ağdamda ardıcıl tenderlər qazanır

Meydan TV-nin üç həftə əvvəl dərc etdiyi araşdırmada “Diler İnşaat” QSC-nin Ağdamda yeni yaşayış massivinin tikintisi ilə bağlı iki tender qazandığı və həmin layihələr üçün şirkətə 15,8 milyon manat ödənildiyi qeyd olunurdu. Yeni müqavilə ilə birlikdə şirkətin Ağdam layihələrindən aldığı ümumi məbləğ daha da artır.

Ölkənin ən iri tikinti layihələrində iştirak edib

“Diler İnşaat” QSC Azərbaycanın ən iri tikinti layihələrində iştirak edən şirkətlərdən biri kimi tanınır. Şirkətin adı aşağıdakı layihələrlə bağlı çəkilir:

  • “Trump Tower”

  • “Flame Towers”

  • “Socar Tower”

  • “Port Baku Towers”

  • “Crescent Hotel”

  • “Dəniz Mall”

Araşdırmada göstərilir ki, şirkət əvvəlcə “Orxan 1989” MMC, daha sonra “Diler İnşaat” MMC, daha sonra isə “Diler İnşaat” QSC kimi qeydiyyatdan keçib.

Deputat oğlunun digər biznesləri də var

Orxan Quluzadə tikinti sektorundan başqa kənd təsərrüfatında da fəaliyyət göstərir. O, həmçinin “Loğman Farm” MMC şirkətinin təsisçisidir. Satınalmalar portalında göstərilən məlumatlara görə, həmin şirkət də bir neçə dəfə dövlət tenderlərinin qalibi olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş