İordan çayının qərb sahilində yeni hücumlar
Sionist rejimin “ordu radiosu”nun hərbi müxbiri Doron Kadouşun bu gün, cümə axşamı yaydığı məlumata görə, ötən gecə Ramallah yaxınlığındakı Yəbrud kəndində yəhudi işğalçılar fələstinlilərə məxsus avtomobilləri yandırıb, divarlara təhdid xarakterli şüarlar yazıblar. Hadisə yerində yazılan ifadələrdən biri birbaşa sionist rejimin Mərkəz Komandanlığının rəhbəri, general-mayor Avi Bluta ünvanlanıb: “Avi Blut, bizə qarışma! Davudun Dəstələrindən salamlar”.
Digər şüarda isə “Yəhudiləri təqib etməyi dayandırın!” ifadəsi yer alıb. Bu hadisə İordan çayının qərb sahilində fələstinlilərə qarşı artan hücumların yeni mərhələyə keçdiyini göstərir.
“Davudun Dəstələri” kimlərdir?

“Davudun Dəstələri” adlandırılan qrup əslində işğal altındakı torpaqlarda “Təpə gəncləri” və ya “Təpə uşaqları” kimi tanınan radikal işğalçı dəstəsinin son dövrlərdə istifadə etdiyi yeni addır. Bu qrupun üzvləri əsasən işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşma nöqtələrində yaşayır, rəsmi yaşayış məntəqələrindən kənarda, tənha fermalarda və müvəqqəti tikililərdə məskunlaşırlar.
Məlumatlara görə, bu qruplar son illərdə sionist rejim hökumətləri və sionist təşkilatlar tərəfindən dolayısı ilə dəstəklənir. Onların fəaliyyəti iki əsas istiqamət üzrə cəmlənir: fələstinlilərə və onların mülkiyyətinə qarşı hücumlar, eləcə də torpaqların zəbt edilərək yeni məskunlaşma nöqtələrinin yaradılması.
Bu dəstələrin əsas taktikası təpələrin zirvələrini ələ keçirmək, İsrail ordusunun himayəsi altında müvəqqəti düşərgələr qurmaq və ətraf əraziləri “öz torpaqları” kimi təqdim etməkdən ibarətdir. Bunun ardınca fələstinlilərə məxsus əkin sahələri məhv edilir, ağaclar kökündən çıxarılır, silahlı təhdidlər vasitəsilə yerli əhali ərazidən uzaqlaşdırılır.
“Yəhudi terroru” anlayışı
Son dövrlərdə sionist rejimin təhlükəsizlik və hərbi qurumlarının daxili sənədlərində, eləcə də bəzi media orqanlarında bu cür hücumlar “yəhudi terroru” termini ilə ifadə olunur. Bu anlayış fələstinlilərə qarşı mülkiyyətin dağıdılması, zeytun bağlarının yandırılması, məscidlərə hücumlar kimi zorakılıq aktlarını əhatə edir.
“Təpə Canavarları” nədir?

“Davudun Dəstələri” ilə yanaşı, “Təpə Canavarları” adlı digər radikal sionist qrup da diqqət çəkir. Bu qrup İordan çayının qərb sahilinin dağlıq və təpəlik ərazilərində fəaliyyət göstərir və onlarla gənc məskundan ibarətdir. Onlar fələstinlilərə məxsus torpaqları sistemli şəkildə zorakılıq məkanına çevirir, insanların dolanışıq vasitələrini hədəfə alırlar.
Bu qruplaşmanın üzvləri “Böyük İsrail torpaqları üzərində yəhudi xalqının müstəsna hüququ” ideyasını əsas götürür və istənilən siyasi və ya təhlükəsizlik razılaşmasını, hətta sionist rejimin qərarlarını belə rədd edirlər. Onlar 10–15 nəfərlik kiçik hüceyrələr şəklində hərəkət edir, avtomobillərin, evlərin və əkin sahələrinin yandırılması, daşqalaq kimi koordinasiyalı hücumlar həyata keçirirlər. Mənbələrə görə, bu qrupun üzvləri də bəzən “Davudun Dəstələri” adından istifadə edir.
“Davud” adının ideoloji mənası
Sionist rejimin radikal dini-siyasi narrativində peyğəmbər Davud xüsusi simvolik məna daşıyır. Bu yanaşmaya görə, Davud dövründə “İsrail övladları” regiona nəzarət edib, yerli xalqları sıxışdırıb və Qüdsü paytaxt elan ediblər. Bu mifoloji təsəvvürlər bu gün də bəzi radikal qruplar tərəfindən zorakılığa ideoloji əsas kimi istifadə olunur və İordan çayının qərb sahilində davam edən hücumların arxasında duran motivləri izah edir.
