“Davud Dəhlizi”: İsrailin “Böyük İsrail” Planının Yeni Xəritəsi

3 Dəq Oxuma Müddəti

“Böyük İsrail” xəyalı canlanır

İsrail Baş naziri Benyamin Netanyahu 12 avqust 2025-ci ildə i24 kanalına verdiyi müsahibədə “Böyük İsrail vizyonu ilə bağlı tarixi və ruhani missiya daşıdığını” bildirib. Bu açıqlama, İsrailin sərhədlərini Tövrat əsaslı ideologiya ilə genişləndirmək niyyətinin dolaylı etirafı kimi qiymətləndirilir. ABŞ prezidenti Donald Trampın seçki kampaniyasında “İsrail çox kiçikdir və genişlənməlidir” sözləri isə bu planlara açıq dəstək kimi qəbul edilib.

Suriya üzərindən strateji dəhliz

İsrail son aylarda Suriyanın cənubunda hərbi əməliyyatlarını intensivləşdirib. Dürzilər üçün “təhlükəsizlik zonası” bəhanəsi ilə işğal altındakı Qolan Təpələrindən Kuneytra, Dəra və Süveyda istiqamətində genişlənmə addımları atılır. Bu proses, sonradan “Davud Dəhlizi” adlanan strateji layihə ilə gündəmə gəlib.

Dəhliz planına görə, Qolan Təpələrindən başlayan yol Kuneytra və Dəra üzərindən Suveydaya, daha sonra ABŞ-ın əl-Tənf bazasına, Deyr əz-Zor bölgəsinə, Fərat çayının şərqindəki SDQ nəzarətli ərazilərə və sonda İraq Kürdüstanına qədər uzanacaq.

Strateji məqsədlər

SpecialEurasia-nın analitik hesabatına əsasən, dəhliz planı yalnız hərbi xəritə deyil, həm də təhlükəsizlik, iqtisadiyyat və demoqrafiyanı birləşdirən genişmiqyaslı layihədir. Məqsədlər isə belə sıralanır:

  • Təhlükəsizlik: İran–Hizbullah quru əlaqəsini kəsmək, “Müqavimət oxunu” İsrail sərhədlərindən uzaqlaşdırmaq.

  • İqtisadiyyat: Suriyanın buğda və neft yataqlarına nəzarət, bölgəni enerji və kənd təsərrüfatı bazasına çevirmək.

  • Siyasət və demoqrafiya: Suriyanı etnik kantonlara parçalamaq – Dürzi, kürd və potensial ələvi bölgələri yaratmaq.

  • İdeoloji: Tevrat hekayələri ilə “Böyük İsrail” layihəsini dini əsaslarla legitimləşdirmək.

Regionda gərginlik artır

Ankara “Davud Dəhlizi”ni birbaşa təhlükə kimi qiymətləndirərək iyulda sərt reaksiya vermişdi. Xarici işlər naziri Hakan Fidan, İsrailin Suriyanı parçalamaq planlarına qarşı çıxdıqlarını açıqlayıb və mümkün hərbi cavab barədə xəbərdarlıq edib. Ürdün isə İsrail yardımlarının öz ərazisindən keçidinə icazə verməyib, Dəməşq isə Qolan–Süveyda dəhlizinə qarşı çıxıb.

Beynəlxalq razılaşma cəhdləri

Avqustda Parisdə ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barrak, İsrailin strateji işlər naziri Ron Dermer və HTŞ nümayəndəsi ilə görüş keçirmişdi. Görüşdə atəşkəs, yerli təhlükəsizliyin Dürzi qüvvələrinə verilməsi və havadan yardım məsələsində ilkin anlaşmaya gəlinib.

Hələ reallıqdan uzaq

Analitiklər hesab edir ki, plan hələ tam həyata keçirilə bilməz. Çünki Suriyanın bütün cənubu üzərində heç bir güc tam nəzarətə sahib deyil. İraq və Ürdün sərhəd dəyişikliklərini rədd edir, Türkiyə isə kürd bölgələrinin genişlənməsinə qarşıdır. Bu səbəbdən, “Davud Dəhlizi” hələlik İsrailin strateji sənədlərində mövcud olan, amma praktik olaraq tam gerçəkləşməmiş bir layihə olaraq qalır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş