Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) dünən başa çatdı. Neoliberalizm və qlobalçılar üçün son dərəcə önəmli sayılan, dünya iqtisadiyyatına istiqamət verən bu zirvədə tənqidlər ard-arda səsləndi. Hədəfdə neoliberal qloballaşma var idi. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın Avropanı hədəf alan açıqlamalarından sonra gərginlik daha da artdı. Zirvə ABŞ–Aİ qarşıdurmasının mərkəzinə çevrildi. Toplantıda neoliberalizmin yaratdığı gəlir ədalətsizliyi və ekoloji dağıntı ilk dəfə bu qədər açıq şəkildə “sistem böhranı” kimi xarakterizə olundu. İştirakçılar nəzarətsiz maliyyələşmənin və dərinləşən bərabərsizliklərin kapitalizmi davamlı olmayan bir modelə çevirdiyini müzakirə etdilər.
Zirvədə ən diqqətçəkən çıxışlardan birini ABŞ-ın Ticarət naziri Hovard Latnik etdi. Latnik qloballaşmanın uğursuz bir siyasət olduğunu və Qərb ilə ABŞ-ni məyus etdiyini bildirərək, Tramp administrasiyasının mövcud qlobal iqtisadi modelin amerikalı işçiləri geridə qoyduğunu çox aydın şəkildə gördüyünü söylədi. Latnik Dünya İqtisadi Forumunu Qərbi zəiflədən qlobalçı gündəmi zorla qəbul etdirməkdə ittiham etdi. O, zirvə iştirakçılarına müraciətlə dedi: “Tramp administrasiyası və mən burada çox açıq bir məqamı vurğulamaq üçün varıq: qloballaşma Qərbi və Amerika Birləşmiş Ştatlarını uğursuzluğa uğratdı” və bundan sonra zirvənin təşkilatçılarını sərt tənqid etdi.
ABŞ-li nazir bildirdi ki, Qərbin onilliklərdir izlədiyi siyasətlər ixracata, ofşor istehsala və dünyada ən ucuz işçi qüvvəsini tapmağa əsaslanırdı, lakin bunun nəticəsi ABŞ-də yerli sənayelərə və işçilərə ciddi zərər vurdu.
“ŞAM YEMƏYİNİ TƏRK ETDİ”
Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, ABŞ Ticarət naziri Hovard Latnikin Avropanı tənqid edən çıxışı zamanı təşkil olunan axşam yeməyini tərk etdi və ev sahibləri desertdən əvvəl tədbiri ləğv etdilər.
“QAYDALARA ƏSASLANAN NİZAM BİR XƏYALDIR”
Bəlkə də Davosda ən çox müzakirə olunan lider Kanada Baş naziri Mark Karni oldu. Çin və Qətərə səfər etdikdən sonra Davosa gələn Karni ABŞ-ni hədəfə aldı və Trampa meydan oxudu. Davosdakı çıxışında Karni həmkarlarını “reallıqla üzləşməyə” və “hələ də elan edildiyi kimi işlədiyini düşündükləri qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etməyi dayandırmağa” çağırdı. Kanada Baş naziri Mark Karni “qaydalara əsaslanan beynəlxalq nizam” anlayışının bir uydurma olduğunu artıq bildiklərini və ABŞ-nin öz maraqlarına uyğun gəldikdə qaydaları özü üçün elastikləşdirdiyini söylədi. Keçid dövründə deyil, bir qırılmanın tam ortasında olduqlarını vurğulayan Karni, ABŞ-nin iqtisadi inteqrasiyanı silaha çevirməyə başladığını ifadə etdi.
“MASADA YER ALMASAQ, MENYUDA OLARIQ”
Karni “orta güclər” adlandırdığı ölkələrə də səsləndi. “Orta güclər birlikdə hərəkət etməlidir, çünki masada yer almasaq, menyuda yer alarıq” deyən Karni əlavə etdi: “Böyük güclərin rəqabət apardığı bir dünyada arada qalan ölkələr seçim etməyə məcburdur: ya bir-biri ilə rəqabət apararaq dəstək qazanmağa çalışmaq, ya da birləşərək təsirli üçüncü yol yaratmaq.”
Karninin çıxışı bəzi ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Geosiyasi risk məsləhətçiliyi şirkəti Eurasia Group-un rəhbəri İan Bremmer Karninin çıxışı ilə bağlı belə dedi: “Bunun, son illərdə demək olar ki, hamımızın getdikcə daha aydın gördüyü qlobal nizam dəyişikliyini əks etdirdiyini bilirdik, lakin heç bir önəmli hökumət lideri bunu açıq şəkildə deməyə hazır deyildi. İnsanlar bu çıxışı uzun müddət xatırlayacaqlar.”
İqtisad tarixçisi Adam Tuse isə “Bu, liderlərin çıxışları arasında buradakı əksəriyyətimizin hiss etdiyi şoku, ağırlığı və mənəvi ciddiyyəti ifadə edən yeganə çıxış idi” dedi.
“30 İLDƏ BƏŞƏRİYYƏTƏ HEÇ NƏ VERMƏDİK”
ABŞ-nin investisiya şirkəti BlackRock-un baş icraçı direktoru Lerri Finkin çıxışına gəlincə, Fink Davosdakı açılış nitqində qlobal iqtisadi sistemin son 30 ildə insanların əksəriyyəti üçün yaxşı işləmədiyini etiraf etdi və kapitalizmin mövcud forması ilə davam etdirilə bilməyəcəyi barədə xəbərdarlıqlar verdi. Fink açıq şəkildə Davosun bəzi çevrələrdə “elitlərə qapalı” və xalqdan uzaq kimi qəbul edildiyini etiraf etdi və bu algının etimad böhranı yaratdığını söylədi. Zirvənin yenidən etibar qazanmalı olduğunu vurğuladı.
DAVOSUN AMENTÜSÜ DAĞILDI
Davosun əsas inancı “bazar hər şeyi həll edər” idi. Xüsusilə Soyuq Müharibənin bitməsindən sonra Fukuyamanın irəli sürdüyü “tarixin sonu” tezisləri zamanla Davosun vizyonu kimi dağıldı. 2008-ci il ipoteka böhranı zamanı Davosda “sakit olun, bazar problemi həll edər” şərhləri edilirdi. 2009-cu il zirvəsində isə “neoliberalizmi yenidən nəzərdən keçirə bilərik” fikirləri səslənirdi. Bu günə gəldikdə isə 30–40 illik tənqidlər gündəmə gətirilir. Bu tənqidlərdən ən böyük payı alan isə elə Davosun özüdür.
