Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun İTÇ (beynəlxalq transfer sertifikatı) üçün lazım olan sənədləri vaxtında FİFA-ya göndərməməsi Aymerik Laportun “Atletik Bilbao”ya keçidini baş tutdurmayıb.
Yay transfer pəncərəsinin son günlərində Laportun yenidən “San Mames”ə qayıdacağı barədə xəbərlər yayılmış, tərəflərin bütün detallar üzrə razılığa gəldiyi bildirilmişdi. Lakin “Ən-Nəsr” klubunun təsdiq sənədlərini göndərməkdə gecikməsi – istər qəsdən, istərsə də səhlənkarlıq səbəbilə – ispaniyalı müdafiəçi üçün vaxt itkisinə gətirib çıxardı.
Bu ssenari 10 il əvvəl də baş vermişdi. Həmin vaxt “Mançester Yunayted”in qapıçısı David De Xeanın “Real Madrid”ə keçidi sənədlərin gecikməsi və İTÇ-nin vaxtında verilməməsi səbəbindən baş tutmamışdı. Bəzi iddialara görə, Madrid klubu son anda transferdən imtina etdiyi üçün sənədləri qəsdən gec göndərmişdi və nəticədə De Xea İngiltərədə qalmışdı.