CPJ-dən sərt bəyanat
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Bakı Apellyasiya Məhkəməsinin “Abzas Media işi” üzrə altı media əməkdaşı və “Azadlıq Radiosu” jurnalisti Fərid Mehralızadənin həbs qərarlarını qüvvədə saxlamasını kəskin şəkildə pisləyib.
CPJ-nin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gulnoza Said bildirib:
“Yeddi jurnalistin şikayətlərinin rədd olunması bir daha göstərir ki, Azərbaycan hakimiyyəti dövlət məmurlarının korrupsiya əməlləri barədə güzəştsiz araşdırmalara tab gətirə bilmir. Azərbaycan bu jurnalistləri və 2023-cü ildən həbsdə olan digər media nümayəndələrini dərhal azad etməlidir.”
Həbs qərarları qüvvədə qaldı
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Zəfər Əhmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin iyunda çıxardığı hökmü qüvvədə saxlayıb.
Həmin hökmlə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, layihə koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.
Məhkəmə zalında jurnalistlər “Korrupsiya cinayətdir, jurnalistika cinayət deyil!” şüarlı plakatlar qaldırıblar.
İttihamlar və mövqelər
Jurnalistlər qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunsalar da, həm onlar, həm də yerli və beynəlxalq təşkilatlar ittihamları əsassız sayır və bu təqibləri araşdırmaçı jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.
Hazırda Azərbaycanda azı 20-dən çox media işçisi Qərb donorlarından maliyyələşmə ittihamı ilə həbsdədir. Avropa İnsan Haqları Məhkəməsi isə belə hallarda yalnız inzibati cərimələrin tətbiq oluna biləcəyini, cinayət məsuliyyətinin əsassız olduğunu bəyan edib.
Hakimiyyətin mövqeyi açıqlanmayıb
CPJ Azərbaycan hökumətinə rəsmi şərh üçün müraciət etsə də, Prezident Administrasiyasından cavab almadığını bildirib.