Cozef Aun: “İsrail Qəzzaya Görə Livanda Təzminat Axtarır”

2 Dəq Oxuma Müddəti

Aun: “Cənub yenidən İsrailin açıq hücumuna məruz qalıb”

Livan prezidenti Cozef Aun bu gün səhər saatlarında İsrailin ölkənin cənub bölgəsinə endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Prezidentin bəyanatı Rəyasət Məsnədi tərəfindən sosial media platforması “X” üzərindən yayımlanıb.

Aun bildirib ki, İsrailin hücumları “mülki obyektləri hədəfə alan, heç bir əsas və ya bəhanəyə söykənməyən açıq-aşkar təcavüz aktıdır”. Onun sözlərinə görə, cənub bölgəsi bir daha “haqsız və təhlükəli bir aqressiyanın” qurbanına çevrilib.

“Qəzzadakı atəşkəsdən sonra bu hücumun mənası daha da ağırdır”

Prezident Aun hücumun vaxtına xüsusi diqqət çəkərək deyib ki, “bu son aqressiyanın təhlükəsi ondadır ki, Qəzzada atəşkəs razılaşması əldə olunduqdan və fələstinli tərəfin silahların nəzarət mexanizminə razılıq verməsindən dərhal sonra baş verib”.

O qeyd edib ki, bu vəziyyət həm Livan, həm də beynəlxalq ictimaiyyət üçün “ciddi strateji çağırışlar” yaradır.

“Kimlərsə Qəzzadakı məğlubiyyətini Livanla kompensasiya etməyə çalışır”

Cozef Aun çıxışında həmçinin ritorik sual verərək bildirib:
“Görəsən, kimlərsə Qəzzadakı vəziyyətin əvəzini Livanda çıxmaq, öz siyasi mövcudiyyətini qorumaq üçün yenidən atəş və qana əl atmaq istəyir?”

Prezident əlavə edib ki, Livan xalqına və torpaqlarına qarşı məsuliyyət daşıyan dövlət başçısı kimi onun borcu yalnız bu hücumu pisləmək deyil, eyni zamanda yaranan təhlükələr barədə açıq danışmaqdır.

İsrail hücumunun nəticələri

Səhər tezdən həyata keçirilən İsrail hava hücumları cənubdakı Məsyilə və Nəcariyyə kəndləri arasında yerləşən əraziyə yönəlib. “Əl-Məyadin” telekanalının məlumatına görə, hücumlar əsasən tikinti texnikalarını — ekskavator və buldozerləri hədəfə alıb.

Livan Səhiyyə Nazirliyi hadisə ilə bağlı açıqlama yayaraq, bir nəfərin şəhid olduğunu, yeddi nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Aun beynəlxalq ictimaiyyəti Livanın suverenliyinə qarşı bu açıq hücumlara dərhal reaksiya verməyə çağırıb. Prezidentin sözlərinə görə, “bu cür təcavüzlər regionda sabitliyin bərpasına deyil, yeni bir böhranın başlanğıcına xidmət edir.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş