Çin səfirliyindən ciddi etiraz
Çinin İsraildəki səfirliyi, Tayvanın xarici işlər nazirinin müavini Fransua Vu-nun Tel-Əvivə gizli səfəri barədə xəbərlər fonunda rəsmi açıqlama yayaraq, İsrailə ciddi xəbərdarlıq edib. Səfirlik, bu səfərin “vahid Çin” prinsipinə açıq şəkildə zidd olduğunu bildirərək, məsələnin Çin üçün suverenlik və ərazi bütövlüyü baxımından toxunulmaz “qırmızı xətt” təşkil etdiyini vurğulayıb.
Səfirliyin sözçüsü İsrail mediasına açıqlamasında bildirib ki, Tayvan məsələsi Çinin milli maraqları üçün həyati əhəmiyyət daşıyır və Pekin bu mövzuda güzəşt qəbul etmir. Bu səbəbdən Çin tərəfi İsraili prinsipə uyğun davranmağa, mövcud səhvləri aradan qaldırmağa və Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə heç bir siqnal göndərməməyə çağırıb.
Pekinin Təl-Əvivdən tələbələri
Səfirlik rəsmisi qeyd edib ki, Çin uzun illərdir İsraillə münasibətlərində “vahid Çin” prinsipinin nəzərə alınmasını gözləyir və bu mövqenin pozulması ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilər. Açıqlamada vurğulanır ki, Tayvanda separatçı meyillər Pekin üçün strateji təhlükə sayılır və İsrail də daxil olmaqla bütün dövlətlərdən bu məsələni diqqətlə qiymətləndirmələri tələb olunur.
Çin tərəfi həmçinin İsrail hökumətini gələcəkdə bu kimi addımlara yol verməməyə, Tayvan məsələsində Pekinin həssasiyyətini nəzərə almağa dəvət edib. Rəsmi açıqlamada qeyd olunur ki, bölgədə və dünyada sabitliyin qorunması üçün ölkələrin Çinin ərazi bütövlüyünə hörmət göstərməsi zəruridir.
Tayvan rəsmisinin gizli səfəri
Reuters agentliyi mövzu ilə bağlı məlumatlı üç mənbəyə istinadən bildirib ki, Tayvanın xarici işlər nazirinin müavini Fransua Vu son həftələrdə İsrailə açıqlanmayan səfər edib. Məlumatlara görə, Tayvan Təl-Əvivlə müdafiə əməkdaşlığını genişləndirmək imkanlarını araşdırır.
Bu səfərin gizli saxlanılması və sonradan üzə çıxması Pekinin reaksiyasını daha da sərtləşdirib. Çin tərəfi hesab edir ki, Tayvanın müstəqillik tərəfdarlarına beynəlxalq platformalarda verilən hər cür dəstək separatçı fəaliyyətləri gücləndirir və regional gərginliyi artırır.
Sionist rejim mövqeyi hələlik açıqlanmayıb
Hazırda Sionist rejim hökuməti Çin səfirliyinin sərt bəyanatına rəsmi cavab təqdim etməyib. Lakin analitiklər qeyd edirlər ki, Pekin–Tel-Əviv münasibətləri ticarət, texnologiya və diplomatiya sahələrində mühüm əhəmiyyətə malikdir və Tayvan məsələsində hər hansı yanlış addım iki ölkə arasında gərginlik yarada bilər.
