Çində fabrik fəaliyyəti iyun ayında ardıcıl ikinci dəfə nisbətən yaxşılaşsa da, ümumilikdə daralma tendensiyası davam edib.
Rəsmi İstehsal Satınalma Menecerləri İndeksi (PMI) iyunda 49,7 səviyyəsində qeydə alınıb. Bu göstərici Bloomberg sorğusunda analitiklərin orta proqnozundan bir qədər yüksək olsa da, 50-dən aşağı rəqəmlər daralmaya işarə edir.
Milli Statistika Bürosu (NBS) bazar ertəsi açıqlamasında, tikinti və xidmət sektorlarını əhatə edən qeyri-istehsal fəaliyyət göstəricisinin ötən ay 50,3-dən 50,5-ə yüksəldiyini bildirib. Bu da 50,3-lük proqnozdan yüksək nəticədir. İstehsal sektorunda isə yeni sifarişlər indeksi üç ay sonra ilk dəfə artıb, amma məşğulluq göstəricisi maydakı yüngül yaxşılaşmadan sonra yenidən pisləşib. Sorğuda iştirak edən 21 sektorun yarısından çoxu artım göstərib.
NBS-in baş statistikçisi Zhao Tsinxe açıqlamasında deyib:
“İstehsal fəaliyyəti sürətləndi və bazar tələbi yaxşılaşdı.”
PMI göstəriciləri Çin iqtisadiyyatının vəziyyətinə dair hər ay dərc olunan ilk rəsmi məlumatlardandır.
Son göstəricilər, Pekin və Vaşinqton arasında ticarət müharibəsində əldə edilən 90 günlük atəşkəs razılaşmasından sonrakı ilk tam ayı əks etdirir.
Digər tərəfdən, Yaponiyada fabrik istehsalı may ayında gözləniləndən az artıb. ABŞ-ın gömrük rüsumlarının ixracata mənfi təsiri səbəbindən artım analitiklərin proqnozlarını doğrultmayıb.
Yaponiyanın Sənaye Nazirliyinin məlumatına görə, istehsal may ayında əvvəlki aya nisbətən 0,5 % artıb. Halbuki iqtisadçılar 3,5 % artım gözləyirdilər.
İllik müqayisədə isə istehsal 1,8 % azalıb və 1,6 % artım proqnozunu qarşılamayıb. Nazirlik açıqlamasında əlavə edib ki, qarşıdakı aylarda da zəif tendensiya davam edəcək: iyun üçün istehsalın 0,3 % artacağı, iyulda isə 0,7 % azalacağı proqnozlaşdırılır.