Qəzzədə yeni genişmiqyaslı hücum
Sionist rejimin ordusu Qəzza şəhərinə qarşı növbəti genişmiqyaslı hücuma başlayıb. Yerli mənbələrin məlumatına görə, tankların və pilotsuz uçuş aparatlarının bombardmanı nəticəsində çoxsaylı evlər dağıdılıb, mülki şəxslər dağıntılar altında qalıb.
İsrael Katsdan qalmaqallı açıqlama
İsrailin əli qanlı müdafiə naziri İsrael Kats sosial media platforması X üzərindən verdiyi açıqlamada hücumların davam edəcəyini bəyan edib. Onun sözlərinə görə, “Qəzza yanır. Missiya tamamlanana qədər nə geri addım atacağıq, nə də dayanacağıq”.
Bu açıqlama beynəlxalq aləmdə sərt reaksiya doğurub və Qəzzada artan mülki itkilərin fonunda İsrail hökumətinin siyasətini bir daha gündəmə gətirib.
Mülki itkilər artır
Son hücumlarda Qəzzədə onlarla mülki şəxsin həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Yerli qaynaqlar humanitar böhranın daha da dərinləşdiyini, yardım və tibbi dəstəyin çatdırılmasının isə demək olar ki, mümkünsüz hala gəldiyini vurğulayır.
Beynəlxalq çağırışlar nəticəsiz qalır
BMT və beynəlxalq təşkilatların atəşkəs çağırışlarına baxmayaraq, İsrail ordusu hücumlarını intensivləşdirir. Analitiklər bildirirlər ki, İsrailin hərbi rəhbərliyi siyasi gedişlərini sərt güc tətbiqi üzərində qurur və bu da bölgədə sülh imkanlarını daha da zəiflədir.