Qəzzaya yardım aparan gəmilərə İsrail hücumu
Cinayətkar İsrail donanması Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan “Beynəlxalq Əzmkarlıq Donanması”na qarşı genişmiqyaslı hücuma başlayıb. Donanmanın ABŞ mərkəzli sosial media hesabında yayılan açıqlamada bildirilib ki, gəmilər “qanunsuz mühasirə altındadır”, müşahidə kameraları sıradan çıxarılıb və İsrail hərbçiləri gəmilərə daxil olub.
Açıqlamada həmçinin gəmilərdə olan bütün sərnişinlərin vəziyyətinin və təhlükəsizliyinin təsdiqlənməsi üçün işlərin davam etdiyi vurğulanıb.
Aktivistlər təhlükə içindədir
Anadolu Agentliyinin əlaqə saxladığı azsaylı iştirakçılar da İsrail donanmasının donanma gəmilərini bir-bir hədəfə aldığını və qanunsuz şəkildə ələ keçirdiyini təsdiqləyiblər.
Gəmilərdən bir neçəsində yayımlanan canlı görüntülərdə isə fəallar can yelekləri ilə güvertədə oturaraq mümkün hücumlara qarşı hazır vəziyyətdə gözlədikləri müşahidə olunub.
İsrail mediası əməliyyatı təsdiqlədi
İsrail dövlət televiziyası KAN-ın müxbiri İtay Blumental sosial media paylaşımında İsrail ordusunun Qəzzaya yardım daşıyan donanma gəmilərini ələ keçirməyə başladığını bildirib.
Müxbir, artıq bir neçə gəminin üzərinə İsrail hərbçilərinin çıxdığını və əməliyyatın davam etdiyini qeyd edib.
Rabitə kəsilir
Aktivistlərin verdiyi məlumata görə, İsrail qüvvələri hücum zamanı rabitə əlaqələrini də kəsir və gəmilərdəki koordinasiyanı pozur. Buna baxmayaraq, iştirakçılar vəziyyəti izləyir və dünya ictimaiyyətinə məlumat ötürməyə çalışırlar.
Beynəlxalq reaksiyalar gözlənilir
Beynəlxalq hüquqa zidd hesab edilən bu müdaxilə artıq beynəlxalq təşkilatların diqqətini çəkib. Humanitar missiyaya qarşı hücum kimi qiymətləndirilən əməliyyatın dünya miqyasında sərt reaksiyalara səbəb olacağı gözlənilir.
Qəzzaya yardım aparan donanmanın məqsədi bölgəyə təcili ərzaq və tibbi ləvazimat çatdırmaq olsa da, İsrailin dəniz blokadası humanitar missiyanın həyata keçirilməsinə mane olur.